Karantin rejminin davam etdiyi dövrdə gələcək istirahətlərini planlaşdıran rusların nə az-nə çox düz 40 faizdən çoxu Türkiyəyə səyahət etmək arzusundadır.
KONKRET.az xəbər verir ki, yerli ekspertlərin fikrincə, bu da Türkiyədəki təklif olunan xidmətlərin keyfiyyətinin yüksək, qiymətlərin isə xeyli münasib olması ilə bağlıdır. Aparılan araşdırmalardan aydın olub ki, may ayında turizm şirkətlərinə müraciət edən vətəndaşların 43 faizi Türkiyəyə səyahət etmək arzusunda olduqlarını bildiriblər.
Halbuki ötən ilin eyni dövründə Türkiyəyə səyahət etmək istəyənlər ümumi sifarişçilərin cəmi 13 faizini təşkil edib. Səyahət həvəskarlarının bu il 8 faizi Tailandda, 5 faizi Tunisdə, 4 faizi Yunanıstanda, 4 faizi yunan Kiprində, 3 faizi Dominikan Respublikasında, 2 faizi isə İspaniyada dincəlmək istədiklərini bildiriblər.
Koronovirus pandemiyası səbəbindən bu il turizm mövsümü gec başlayacaq. Ona görə də turistlərin19 faizi sifarişlərini iyul, 29 faizi avqust, 14 faizi isə sentyabra ediblər. Yay turizminin qısa sürəcəyi üzündən sifarişlərin çoxluğu təbii ki, qiymətlərə də öz təsirini göstərib. “Kommersant” nəşri yazır ki, turların orta qiyməti bu il 103 min rubl təşkil edəcək. Halbuki ötən il ortalama qiymət 85 min rubl idi. Rusiya Dövlət Turizm Agentliyinin rəhbəri Zarina Doquzova mayın 28-də etdiyi açıqlamada bildirib ki, hakimiyyət turizm mövsümünün açılışını süni şəkildə gecikdirməkdə maraqlı deyil. Bu məsələdə digər dövlətlərin qərarları da nəzərə alınmalıdır.
Surxay Atakişiyev