İsrailli aktrisa BMT-nin xüsusi məruzəçisini məhkəməyə verdi: 160 min dollar təzminat tələb olunurbackend

İsrailli aktrisa BMT-nin xüsusi məruzəçisini məhkəməyə verdi: 160 min dollar təzminat tələb olunur

İsrailli aktrisa və model Saray Givati BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanezeyə qarşı böhtan iddiası qaldırıb.

İddia bir həftə əvvəl İsrailin “Şurat ha-Din” hüquq təşkilatı tərəfindən təqdim edilib. Françeska Albanezе 2025-ci ilin sentyabrında Givatinin televiziya müsahibəsindən seçilmiş və kontekstdən çıxarılmış fraqmenti yaymaqda ittiham olunur.

Givati müsahibəsində 2023-cü il oktyabrın 7-də HƏMAS-ın törətdiyi qətliamdan sonra dünyagörüşündə baş verən dəyişikliklərdən danışıb. O, həm ifrat sağçı, həm də radikal islamçı ekstremizmin güclənməsindən narahatlığını ifadə edib və hər iki istiqamətdə radikallaşmaya qarşı mübarizənin vacibliyini vurğulayıb.

“Dünyada ağlayan hər bir uşağa ürəyim yanır. Buna səmimi qəlbdən üzülürəm. Amma onu da başa düşürəm ki, əgər tədbir görməsək, həmin uşaq böyüyüb terrorçuya çevrilə bilər. Öz ekstremistlərimizi də kökündən aradan qaldırmalıyıq. Bu, son dərəcə vacibdir”, – deyə aktrisa bildirib.

Onun sözlərinə görə, burada söhbət yalnız Qəzza zolağındakı uşaqlardan getməyib. Givati münaqişənin hər iki tərəfində uşaqların radikal ideologiyaların təsirinə məruz qalmasının təhlükələrinə diqqət çəkib.

Lakin 2026-cı il sentyabrın 19-da Françeska Albanezе müsahibənin cəmi 23 saniyəlik fraqmentini X sosial şəbəkəsində paylaşaraq Givatinin fikirlərini nasistlərin yəhudilərə qarşı törətdiyi cinayətlərlə müqayisə edib.

“Uşaqlar böyüyəcək” – nasist məmurları Nürnberq prosesində Holokost zamanı uşaqların öldürülməsinə haqq qazandırmaq üçün məhz bu arqumentdən istifadə edirdilər”, – deyə Albanezе paylaşımında yazıb.

Həmin paylaşım iki milyondan çox baxış toplayıb, on minlərlə dəfə paylaşılıb və təxminən 93 min bəyənmə alıb. Albanezе sonradan videonu silsə də, onun şərhləri internetdə yayılmaqda davam edib.

İddiada bildirilir ki, BMT-nin xüsusi məruzəçisi kimi Albanezenin beynəlxalq nüfuzu və institusional statusu onun şəxsi sosial şəbəkə hesabında yazdığı fikirlərə də xüsusi çəkidə qəbul edilməsinə səbəb olur. Nəticədə müxtəlif KİV-lər və sosial şəbəkə istifadəçiləri həmin müqayisəni təkrarlayaraq Givatinin sözlərinin təhrif olunmuş versiyasını geniş auditoriyaya yayıblar.

Aktrisanın iddiasına görə, Albanezenin nasistləri və Holokost zamanı uşaqların öldürülməsini xatırlatması onu beynəlxalq ictimaiyyət qarşısında Qəzzada uşaqların qətlə yetirilməsinə haqq qazandıran şəxs kimi təqdim edib.

İddiada xüsusilə “haqq qazandırmaq” və “uşaqların qətlə yetirilməsi” ifadələrinin işlədilməsi mübahisələndirilir. Givati hesab edir ki, bu ifadələr onun müsahibədə səsləndirdiyi fikirləri tamamilə başqa məzmunda təqdim edib və onda yetkinlik yaşına çatmayanlara qarşı ölümcül zorakılığı dəstəkləməsi barədə yanlış təsəvvür yaradıb.

Givati bir daha vurğulayıb ki, onun çıxışının mahiyyəti uşaqların ekstremist ideologiyaların təsiri altına düşməsinin qarşısını almaq olub. O, heç bir halda hərbi əməliyyatlar zamanı uşaqların hədəfə alınmasına çağırış etməyib.

Aktrisanın sözlərinə görə, Albanezenin paylaşımından sonra ona qarşı çoxsaylı təhqirlər və ölüm təhdidləri səsləndirilib. Bu hadisələr onun şəxsi təhlükəsizliyinə, nüfuzuna və peşəkar fəaliyyətinə ciddi zərər vurub. Givati həm İsraildə, həm də beynəlxalq səviyyədə karyerasının təhlükə altına düşdüyünü bildirir.

“Ana kimi bu yalançı müqayisədən dəhşətə gəldim. Mənim fikirlərimlə razılaşmaya bilərlər. Lakin mənə heç vaxt demədiyim sözləri aid etmək və milyonlarla insanın qarşısında məni uşaqların qətlə yetirilməsinə haqq qazandıran biri kimi təqdim etmək qəbuledilməzdir. Kimsə İsrailə zərər vurmağa və ölkəmizi beynəlxalq arenada gözdən salmağa çalışırsa, susmayacağam”, – deyə Givati bildirib.

İddia Qüdsdəki sülh məhkəməsinə təqdim olunub. Aktrisa mənəvi və reputasiya zərərinə görə 160 min dollar təzminat tələb edir.

İddia ərizəsində qeyd olunur ki, bu cür ittihamlar əyləncə sənayesində çalışan aktrisa və model üçün xüsusilə ağır nəticələr doğura bilər. Prodüserlər, kastinq agentlikləri və kommersiya şirkətləri uşaqların qətlə yetirilməsini dəstəkləməkdə ittiham olunan şəxslə əməkdaşlıqdan çəkinə bilərlər. Bu isə Givatinin peşəkar imkanlarının və işgüzar əlaqələrinin itirilməsi ilə nəticələnə bilər.

Müəllifin diqqət çəkdiyi əsas məqam isə müasir siyasi diskursda getdikcə daha çox müşahidə olunan yanaşmadır: istər nazir, istər aktrisa, istərsə də sıravi vətəndaş olsun, ayrı-ayrı israillilərin mübahisəli fikirləri bəzən bütöv bir xalqa və dövlətə qarşı ümumiləşdirilmiş ittihamlara çevrilir. Bu zaman deyilən sözlərin məzmunu, konteksti və əsl məqsədi lazımi şəkildə araşdırılmır.

Təbii ki, İsrailin siyasətini, hökumətinin qərarlarını və ayrı-ayrı vətəndaşlarının fikirlərini tənqid etmək hər kəsin hüququdur. Lakin israilliləri sistemli şəkildə nasistlərlə müqayisə etmək adi siyasi tənqid çərçivəsindən kənara çıxır. Belə ağır ittihamlar ciddi və konkret faktlarla əsaslandırılmalıdır. “The Guardian” və ya “The New York Times” kimi nəşrlərin məqalələrinə istinad etmək özlüyündə bu cür müqayisələr üçün yetərli əsas sayıla bilməz.

Müəllif Françeska Albanezenin ifrat ritorikası və antisemitizmlə əlaqələndirilən çıxışlarını da tənqid edir. Bildirilir ki, ötən il ABŞ-dakı proisrail xristian təşkilatları ona qarşı böhtan iddiası qaldırıblar. İsrail onun ölkəyə girişinə qadağa qoyub. 2025-ci ilin iyulunda isə Donald Tramp administrasiyası Albanezeyə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb onun Beynəlxalq Cinayət Məhkəməsini İsrail və ABŞ rəsmilərinə qarşı tədbirlər görməyə sövq etmək cəhdləri olub.

Məqalənin müəllifi hesab edir ki, Albanezenin beynəlxalq statusundan istifadə edərək nifrət və böhtan xarakterli fikirlərin yayılmasına qarşı mübarizə aparılmalıdır.

Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*