Talançılar Almaniyanı çökdürmək üçün hərəkətə keçdibackend

Talançılar Almaniyanı çökdürmək üçün hərəkətə keçdi

Almaniyanın Hessen federal torpağının hakimiyyət orqanları bu dəfə adətən neytral ifadələrin arxasında gizlədilən faktları açıq şəkildə dilə gətiriblər.

KONKRET.az xəbər verir ki, altı il əvvəl Ştutqartda baş verən gecə iğtişaşlarından sonra polis hətta şübhəlilərin mənşəyi barədə danışdığına görə tənqid olunmuşdu. O zaman polisə qarşı “Stammbaumforschung” – yəni “nəsil şəcərəsinin araşdırılması” ifadəsindən istifadə etməsi belə qınaq obyektinə çevrilmişdi. Həmin vaxtdan Almaniyada bu cür hadisələrdə konkret mənşəyi qeyd etmək əvəzinə, əsasən “gənclər” və “bir qrup şəxs” kimi ümumi ifadələr işlədilirdi.

Lakin indi Hessen federal torpağının daxili işlər naziri, Xristian-Demokrat İttifaqının (CDU) üzvü Roman Posek bu məsələdə susmağa üstünlük verməyib.

Şənbə günü “Gen Z regelt” adlı gənclər hərəkatının etiraz aksiyaları keçirilib. Axşam saatlarında Frankfurtda təxminən 1000–1500 nəfər iğtişaşlar törədərək zorakılığa əl atıb. Hadisələr zamanı 100-dən çox polis əməkdaşı xəsarət alıb, 17 mağazaya ziyan vurulub, onlardan beşi qarət edilib. Yaşları 13-29 arasında dəyişən 54 nəfər saxlanılıb.

Roman Posekin sözlərinə görə, saxlanılanların 80-90 faizi miqrasiya mənşəlidir. Bununla belə, onların əksəriyyəti Almaniya vətəndaşlarıdır.

Nazirin açıqlamasına görə, mağazaların qarət edilməsində miqrasiya keçmişi olan və əvvəllər də polisin diqqətində olmuş gənc kişilər iştirak ediblər. Nümayiş zamanı baş verən toqquşmaların arxasında isə solçu ekstremist qrupların dayandığı bildirilir.

Posek hesab edir ki, bu məsələdə “saxta tabulara” yer olmamalıdır. Bununla yanaşı, nazir vurğulayıb ki, onun açıqlaması miqrasiya mənşəli bütün insanlara şübhə ilə yanaşmaq üçün əsas kimi qəbul edilməməlidir.

“Gen Z regelt” hərəkatı noyabrın 20-də yenidən aksiya keçirməyi planlaşdırır. Hessenin daxili işlər naziri isə belə bir aksiyanın keçirilməsinə icazə verilməməli olduğunu düşünür.

Görünür, bu dəfə acı həqiqət Almaniyada da açıq şəkildə səsləndirilib. Ölkə üçün əsas yenilik isə təkcə baş verən hadisələr deyil, uzun müddətdir müzakirələrdə üstüörtülü saxlanılan məsələlərin artıq rəsmi səviyyədə dilə gətirilməsidir.
Ağagül Mürsəlov,
KONKRET az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*