Rusiyaya qarşı yeni sanksiyalar elan edildibackend

Rusiyaya qarşı yeni sanksiyalar elan edildi

Avropa İttifaqı Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, sentyabrın 18-20-də keçirilən səsvermə “Rusiyada getdikcə daha avtoritar xarakter alan siyasi mühit fonunda demokratiyanın davam edən və dərinləşən aşınmasını” bir daha nümayiş etdirib.

“Yabloko” partiyasının federal siyahı üzrə namizədlərinin seçkilərə buraxılmaması Rusiya seçicilərinin seçim imkanlarını daha da məhdudlaşdırıb. Bu addım seçki prosesindən ölkədə qalan sonuncu müxalif qüvvələrdən birini və antimuharibə proqramına malik yeganə partiyanı kənarlaşdırıb”, – deyə bəyanatda bildirilir.

Kallas Rusiya hakimiyyətinin inzibati və məhkəmə resurslarından “genişmiqyaslı sui-istifadəsinə”, media azadlığının məhdudlaşdırılmasına, ATƏT müşahidəçilərinin seçkilərə buraxılmamasına diqqət çəkib. O bildirib ki, Rusiya vətəndaşları ölkələrinin gələcəyini müəyyənləşdirmək üçün “real seçim imkanından məhrum ediliblər”.

Aİ-nin ali nümayəndəsi Rusiyanın vətəndaş cəmiyyəti təşkilatlarına, hüquq müdafiəçilərinə və müstəqil mediaya dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Kallasın sözlərinə görə, Brüssel seçkilərin təşkilində və ya Ukraynanın işğal olunmuş ərazilərində namizədlərin irəli sürülməsində iştirak edən şəxslərə, həmçinin “Rusiyada azad və ədalətli seçkilərin keçirilməsi imkanlarının sarsıdılmasına görə məsuliyyət daşıyanlara” qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*