Türkiyədə sabiq deputat və nəqliyyat naziri, Süleymançılar dini cərəyanının keçmiş lideri Arif Əhməd Dənizoğlunun 2016-cı ildə baş verən müəmmalı ölümü ilə bağlı araşdırma yenidən başladılıb.
KONKRET.az Globalinfo.az bildirir ki, Bakırköy Prokurorluğunun məlumatına görə, Dənizoğlunun ölümündən sonra aparılan məhkəmə-tibbi ekspertizasının nəticələri ilə bağlı şübhələr yaranıb.
Bu səbəbdən avqustun 19-da sabiq nazirin İstanbulun Karacaahmet qəbiristanlığındakı məzarı açılıb və meyiti ekshumasiya edilib.
Dənizoğlu 1995-ci ildə Nəcməddin Ərbəkanın rəhbərlik etdiyi Rifah Partiyasından Türkiyə parlamentinə deputat seçilib. O, 1998–1999-cu illərdə nəqliyyat naziri vəzifəsində çalışıb.
Sabiq nazir Süleymançılar hərəkatının banisi Süleyman Hilmi Tunahanın nəvəsi olub. Onun ölümündən sonra hərəkatın rəhbərliyi bacısı oğlu Əlihan Kurişə keçib. Kuriş ötən həftə həbs edilib. Onun evində 200 kiloqram qızıl külçəsi və milyonlarla dollar dəyərində çeklərin aşkarlandığı bildirilir.
Dənizoğlunun ölümünün mümkün qətl olması ilə bağlı iddiaları hərəkatın banisinin digər nəvəsi, keçmiş deputat Fatih Süleyman Dənizoğlu da dəfələrlə gündəmə gətirib. O, illər ərzində istintaq orqanlarına müraciət etsə də, araşdırma kifayət qədər sübut olmadığı üçün başlanmayıb.
Məsələni Türkiyənin tanınmış jurnalisti və “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi də gündəmə gətirib. Onun yazısından bir gün sonra prokurorluq araşdırmaya başlayıb.
Selvi haqqin.az-a açıqlamasında bildirib ki, Dənizoğlunun cəsədinin ölümündən yalnız 36 saat sonra aşkarlanması ciddi şübhələr doğurur. Jurnalistin sözlərinə görə, Dənizoğlu həyatının son günlərində Süleymançılar hərəkatının maliyyə sistemi ilə FETÖ arasında əlaqələr aşkar etmiş ola bilər.
İddialara əsasən, o, Antalyada hərəkatın əsas şəxsləri ilə görüş zamanı “Siz mənə xəyanət etdiniz. Bu gündən etibarən sizinlə deyiləm”, deyərək toplantını tərk edib və Beykoz rayonundakı evinə gedib. Bir müddət sonra onun beyin qanamasından öldüyü açıqlanıb.
Dənizoğlunun ölümü həmin vaxt məhkəmə-tibbi ekspertizası tərəfindən “təbii ölüm” kimi qiymətləndirilib. Lakin onun qardaşı və qardaşı oğlu bu qərara illərlə etiraz ediblər.
Selvinin sözlərinə görə, sonradan sabiq nazirin meyitini araşdıran məhkəmə-tibbi ekspertlər arasında FETÖ üzvü kimi həbs olunan həkimlərin varlığı üzə çıxıb.
Bununla yanaşı, Süleymançılar hərəkatının Almaniyadakı fəaliyyəti də araşdırmanın diqqət mərkəzindədir. Selvi bildirib ki, hərəkatın Almaniyada təxminən 300 məscidi və çoxsaylı şirkətləri var. Təşkilatın Köln şəhərində təxminən 70 milyon dollar dəyərində mərkəzi ofis inşa etdiyi də qeyd olunur.
Jurnalist həmçinin 2023-cü ildə Süleymançıların Köln şəhərində keçirilən 50 illik yubiley tədbirində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və şəhər merinin iştirak etdiyini xatırladıb.
Selvinin fikrincə, Süleymançılar hərəkatının xarici kəşfiyyat xidmətləri ilə mümkün əlaqələri davam edən araşdırma çərçivəsində aydınlaşdırılmalıdır.
“Mənim fikrimcə, Süleymançılara qarşı keçirilən əməliyyat Türkiyəyə qarşı əməliyyatlar həyata keçirməyə çalışan beynəlxalq kəşfiyyat xidmətlərinə də bir siqnaldır”, – jurnalist vurğulayıb.
