Gözəllik salonları, bərbərxanalar və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlərdən sonra ödənilən məbləğə ƏDV-nin daxil olub-olmaması və bu vəsaitin geri qaytarılıb-qaytarılmaması vətəndaşları maraqlandıran məsələlərdəndir.
Bəs bu xidmətlər üzrə ödənilən ƏDV-ni geri almaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, bu sahədə fəaliyyət göstərən və ƏDV ödəyicisi olan obyektlər tərəfindən göstərilən xidmətlər üzrə ödənilən əlavə dəyər vergisinin müəyyən hissəsi istehlakçılara geri qaytarılır. Onun sözlərinə görə, bu hüquq Vergi Məcəlləsinin 165.6-cı maddəsində təsbit edilib: “Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, ƏDV ödəyicisi olan bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən istehlakçılara göstərilən xidmətlərə görə ƏDV qaytarılır. ƏDV-nin qaytarılması üçün Vergi Məcəlləsinin tələblərinə cavab verən nəzarət-kassa aparatı (NKA) çeki mütləq qaydada təqdim edilməlidir.”
Vəkil vurğulayıb ki, istehlakçılar xidmət müqabilində ödəniş etdikdən sonra mütləq fiskal çek tələb etməlidirlər. Çünki yalnız qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş NKA çeki əsasında ƏDV-nin geri qaytarılması mümkündür: “Qəbz təqdim edilmədiyi və ya qeyri-qanuni qaydada tərtib olunduğu hallarda vətəndaş ƏDV geri alması hüququndan istifadə edə bilməyəcək. Beləliklə, ƏDV ödəyicisi olan gözəllik salonları, bərbərxanalar və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə ödənilən ƏDV-nin qaytarılması qanunvericilikdə nəzərdə tutulur. Bunun üçün əsas şərt isə ödəniş zamanı fiskal nəzarət-kassa aparatının çekini almaq və onu saxlamaqdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
