KONKRET.AZ bildirir ki, hər gün mediada və sosial şəbəkələrdə Bakı Nəqliyyat Agentliyinin xidmətindəki nöqsanlarla bağlı fikirlər eninə-boyuna dartışılır, hər baş verənləri öz arşını ilə ölçür.
Amma gəlin razılaşaq ki, özümüz də sərnişin və vətəndaş olaraq bir çox hallrda hərəkətdə müəyyən əngəllərin yaranmasına səbəb oluruq.
Elə götürək avtobus dayanacaqlarında kök atmış taksi sürücülərini və ya az qala asfaltın üzərinə yayılmış küçə ticarətini.
Oxucularımızdan biri paytaxtın “Şamaxinka” adlanan ərazisində – Moskva prospektində (20 yanvar dairəsi istiqamətində) avtobus dayanacaq məntəqəsinin meyvə-tərəvəz satılan zonaya çevrildiyini əks etdirən foto göndərib.
İddia edilir ki, günün bütün saatlarında dayanacaqda açılmış küçə ticarəti həmin yolda xaos yaradır.
Nəticədə avtobuslar dayanacaq məntəqəsinə daxil ola bilmirlər.
Bu isə sərnişinlərin avtobusdan istifadəsi zamanı ciddi təhlükə ilə üz-üzə qalması deməkdir.
Eyni zamanda avtobuslar məcbur olaraq yolun ortasında saxlayırlar ki, bu da öz növbəsində nəqliyyat axınına maneə yaradır.
Necə deyərlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək mühakimə yürütmək üçün yetərlidir.
