Abşeron Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Cahid Vəliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-cı bəndləri tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Cahid Vəliyev barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ləğv olunub.
İttihama görə, Cahid Vəliyev Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba şosesində fəaliyyət göstərən MMC-lərdən birində işləyib.
Müxtəlif növ qazlı və qazsız içkilərin istehsalı və daxili bazarda satışı ilə məşğul olan şirkətdə o, 2023-cü il tarixli əmək müqaviləsi və həmin tarixli elektron əmək müqaviləsi bildirişinə əsasən, Satış departamentinin pərakəndə üzrə satış şöbəsinin satış təmsilçisi vəzifəsinə qəbul edilib.
Bundan əlavə, Cahid Vəliyev şirkətlə bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona etibar edilmiş maddi sərvətlərin qorunmasına, məhsulların dəqiq uçotunun aparılmasına və müəssisəyə dəymiş zərərə görə məsuliyyət daşıyıb.
Belə ki, o, 2023-cü ilin fevralından oktyabr ayınadək faktiki işlədiyi müddətdə şirkətin məhsullarının sifarişi barədə məlumatları ona təhkim edilmiş “Mplus” satış proqramındakı hesabına daxil edib. Daha sonra Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən və ona təhkim olunmuş ticarət obyektlərinə məhsulları təhvil-qəbul aktları və qaimə-fakturalar əsasında müəyyən edilmiş qiymətlərlə satmalı, əldə olunan satış pulunu isə MMC-nin xəzinəsinə təhvil verməli olub.
Lakin istintaq orqanının mövqeyinə görə, Cahid Vəliyev ona etibar edilmiş özgə əmlakını tamah niyyəti ilə ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlib.
İttihamda bildirilir ki, o, əvvəlcədən formalaşdırdığı vahid niyyətə uyğun olaraq tutduğu vəzifədən istifadə edib. MMC ilə ticarət münasibətlərində olan müştərilərdən geri qaytarılan malları şəxsən qəbul etdikdən sonra həmin məhsulları şirkətin mərkəzi anbarına təhvil verməli olduğu halda bunu etməyib. Nəticədə həmin kateqoriya müştərilər üzrə MMC-yə məxsus ümumilikdə 9 792,04 manat dəyərində məhsulu qanunsuz olaraq ələ keçirərək talayıb.
Cahid Vəliyev ona etibar edilmiş əmlakla bağlı digər hərəkətləri də nəzərə alınmaqla, şirkətə məxsus ümumi dəyəri 28 813,40 manat təşkil edən xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talayıb.
Bununla da Cahid Vəliyev Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə ittiham olunur.
