Almaniyada qadınlar təhlükə altında: Bir ildə 197 mindən çox məişət zorakılığı faktı qeydə alınıbbackend

Almaniyada qadınlar təhlükə altında: Bir ildə 197 mindən çox məişət zorakılığı faktı qeydə alınıb

2025-ci ildə Almaniyada qadınlara və qızlara qarşı törədilən cinayətlərin sayı demək olar ki, bütün kateqoriyalar üzrə artıb. Xüsusilə məişət zorakılığı, qətl, cinsi xarakterli cinayətlər və internet üzərindən təqib halları ilə bağlı statistika narahatlıq doğurur.

Almaniya Federal Cinayət Polisi İdarəsinin (BKA) hesabatına əsasən, təkcə ötən il ölkədə 200 minə yaxın qadın məişət zorakılığına məruz qalıb.

KONKRET.az xəbər verir ki, BKA-nın məlumatına görə, 2025-ci ildə 1 176 qadın qətl və qətlə cəhd cinayətlərinin qurbanı olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 859 nəfər təşkil edib. Bu isə qadınlara qarşı ən ağır cinayətlərin sayında ciddi artım olduğunu göstərir.

Məişət zorakılığı ilə bağlı qeydə alınan hadisələrin sayı əvvəlki illə müqayisədə 2,8 faiz artaraq 197 667-yə çatıb. Cinsi xarakterli cinayətlərin qurbanları arasında isə 54 675 qadın və qızın adı yer alıb. Bu, 2024-cü illə müqayisədə 2,3 faiz çoxdur.

Hesabatda diqqət çəkən digər məqam internet məkanında qadınlara qarşı zorakılığın artmasıdır. Belə ki, onlayn zorakılığın qurbanı olan qadınların sayı 15,7 faiz artaraq 31 221 nəfərə yüksəlib. İnsan alveri ilə bağlı cinayətlərdə zərərçəkən qadınların sayı da 17,7 faiz artaraq 698 nəfər təşkil edib.

Qadınlara qarşı nifrət zəminində törədilən cinayətlərin statistikası da narahatedicidir. 2025-ci ildə bu kateqoriyadan olan cinayətlərin sayı əvvəlki illə müqayisədə 46,8 faiz artaraq 819-a çatıb.

Həmin cinayətlərin 51,4 faizini təhqir halları təşkil edib. Digər geniş yayılmış kateqoriyalar arasında müxtəlif təbliğat xarakterli cinayətlər 12,6 faiz, milli ədavətin qızışdırılması ilə bağlı əməllər isə 11,4 faiz paya malik olub.

Beləliklə, BKA-nın açıqladığı rəqəmlər Almaniyada qadınlara qarşı zorakılığın yalnız ailədaxili münasibətlərlə məhdudlaşmadığını, həm də ictimai və virtual məkanda ciddi problem olaraq qaldığını göstərir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*