“Saxara səhrasının rəhbəri olmaq istəyirəm” – Qeyri-adi istedada malik alim dünyanı necə heyrətə saldıbackend

"Saxara səhrasının rəhbəri olmaq istəyirəm" - Qeyri-adi istedada malik alim dünyanı necə heyrətə saldı

30 sentyabr – riyaziyyatçı, coğrafiyaşünas, qütb tədqiqatçısı, elm təşkilatçısı və sözün əsl mənasında “insan-orkestr” adlandırıla biləcək Otto Yulyeviç Şmidtin doğum günüdür.

Şmidt daha çox əfsanəvi Arktika tədqiqatçısı və qütb ekspedisiyalarının rəhbəri kimi xatırlanır. Lakin onun həyat yolu yalnız Arktika ilə məhdudlaşmırdı. O, eyni zamanda riyaziyyatçı, naşir, alpinist, elm təbliğatçısı və planetlərin yaranması ilə bağlı kosmoqonik fərziyyənin müəlliflərindən biri idi.

Onun həyatından çoxlarının bilmədiyi 10 maraqlı fakt:

Altı yaşında ikən adı qəzetə düşmüşdü

1897-ci ildə, Otto Şmidtin cəmi altı yaşı olarkən Moqilyov qəzetlərindən birində onun Dnepr çayını üzərək doğma şəhərinin yaxınlığında qarşı sahilə keçməsi barədə məlumat dərc olunmuşdu.

Uşaqlıqda “Səhranın rəhbəri” olmaq istəyirdi

Gimnaziyada gələcəkdə hansı peşəni seçəcəyi soruşulanda Şmidt gözlənilməz cavab vermişdi: “Saxara səhrasının rəhbəri olmaq istəyirəm”.

Onun məqsədi səhranın su problemini həll etmək idi.

Alpinizmlə xəstəlik səbəbindən məşğul olmağa başladı

Gənclik illərində Şmidt vərəm xəstəliyinə tutulmuşdu. Həkimlər ona müalicə və reabilitasiya üçün Avstriyaya getməyi məsləhət gördülər.

Məhz burada o, alpinizmlə maraqlanmağa başladı. Sonralar dağçılıq təcrübəsi Arktika ekspedisiyalarında ona çox kömək etdi. Çətin şəraitdə risk etmək, ekstremal vəziyyətlərdə qərar qəbul etmək və insanlara rəhbərlik etmək onun xarakterinin ayrılmaz hissəsinə çevrildi.

Öyrənmədiyi teoremi öz üsulu ilə sübut etmişdi

Kiyev gimnaziyasında oxuyarkən Şmidt bir dəfə teoremin sübutunu əzbərləməmişdi.

Lakin müəllimin qarşısında çaşqın vəziyyətə düşmək əvəzinə həmin teoremi özünün düşündüyü üsulla sübut etmişdi.

“Aspirant” sözünün yayılmasında onun adı çəkilir

Bəzi mənbələrdə rus dilində geniş istifadə olunan “aspirant” sözünün elmi dövriyyəyə daxil edilməsində Otto Şmidtin rolu olduğu qeyd edilir.

Söz latın dilindəki aspirans – “bilik əldə etməyə can atan” ifadəsi ilə əlaqələndirilir.

22 yaşında riyaziyyatda mühüm nəticə əldə etmişdi

Hələ gənc alim ikən Şmidt cəbr sahəsində mühüm elmi nəticələr əldə etdi. Onun adı ilə bağlı olan Şmidt nəzəriyyəsi sonradan abstrakt qruplar nəzəriyyəsinin inkişafında özünəməxsus yer tutdu.

Vize adasının mövcudluğu əvvəlcə hesablamalarla proqnozlaşdırılmışdı

Arktik ekspedisiyaların birində sonradan Vize adası kimi tanınan ərazinin mövcudluğu təsdiqləndi.

Maraqlısı budur ki, adanın mövcudluğu əvvəlcə müəyyən riyazi hesablamalar əsasında ehtimal edilmişdi. Maqnit meylindəki dəyişikliklərə əsaslanan hesablamalardan sonra həmin ərazi fiziki olaraq aşkarlanmışdı.

“Çelyuskin” faciəsindən sonra buz parçasının üzərində qəzet çıxarırdılar

“Çelyuskin” ekspedisiyasının üzvləri gəminin buzların arasında sıxılaraq məhv olmasından sonra məcburi qışlamalı oldular.

Lakin ağır vəziyyətə baxmayaraq ruhdan düşmədilər. Buz üzərində öz qəzetlərini nəşr edirdilər. “Təslim olmayacağıq!” adlı bu nəşrdə buzun sürüklənmə sürəti, ərzaq ehtiyatları və Böyük Torpaqdan gələn xəbərlər barədə yazılırdı.

Şəxsi həyatı heç də sadə olmayıb

Otto Şmidtin üç oğlu olub. Onlardan ikisi onun rəsmi nikahından kənar münasibətlərindən dünyaya gəlib.

Onlardan biri sonradan tanınmış tarixçi kimi məşhurlaşan Sigurd Şmidt, digəri isə “Çelyuskin” ekspedisiyasının iştirakçısı Aleksandra Qorskayadan dünyaya gələn Aleksandr Şmidt idi.

Planetlərin necə yarandığı ilə bağlı fərziyyə irəli sürmüşdü

1940-cı illərdə Şmidt həmkarları ilə birlikdə planetlərin yaranmasına dair kosmoqonik fərziyyə hazırladı.

Bu nəzəriyyəyə görə, Günəş ulduzlararası fəzadakı soyuq hissəciklərdən ibarət buludu öz cazibə sahəsinə cəlb etmiş ola bilərdi. Zaman keçdikcə həmin hissəciklər bir-birinə birləşərək əvvəlcə kiçik göy cisimlərini, daha sonra isə planetləri formalaşdırmışdı.

Otto Şmidt – həyatını yalnız bir peşənin çərçivəsinə sığdırmaq mümkün olmayan nadir alimlərdən biri idi.

Arktika, riyaziyyat, nəşriyyat işi, alpinizm, kosmoqoniya və elm təşkilatçılığı – bütün bunlar bir insanın həyatının ayrı-ayrı səhifələri idi.

Şmidtin bioqrafiyası göstərir ki, böyük alim olmaq bəzən yalnız bir sahədə dərin bilik sahibi olmaq deyil, elmə, kəşfə və həyata eyni anda maraq göstərməkdir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*