Yerli mediada Milli Məclisin plenar və komitə iclaslarına qatılmayan bəzi deputatlar haqqında fikirlər dərc edilib. Belə ki, yayılan materialda sabiq spiker Oqtay Əsədov və Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla yanaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputat seçilən Səbinə Xasayevanın da adı çəkilib. Xanım deputatın Milli Məclisin iclaslarına çox nadir hallarda qatıldığı bildirilib.
Yayılan iddialarla bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Səbinə Xasayevanın köməkçisi Bayram Məmmədov bildirib ki, yazılanlar həqiqəti əks etdirmir: “Səbinə Xasayeva haqda yazılanlar tamamilə yalandır. Millət vəkili bütün plenar və komitə iclaslarında aktiv şəkildə iştirak edir. Mütəmadi şəkildə çıxışları olur. Eyni zamanda, kütləvi informasiya vasitələrində də müntəzəm olaraq çıxışları dərc edilir. Təkcə 2023-cü ildə Səbinə Xasayevanın Milli Məclisin plenar iclasında iki dəfə çıxışı olub. Eyni zamanda bütün komitə iclaslarında çıxış edib”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
