“Hazırkı danışıqlar prosesi çərçivəsində ABŞ İsrailin Livandan qoşunlarını çıxarması ilə bağlı müəyyən bəyanatlar versə də, bu, Vaşinqton və Təl-Əviv arasında münasibətlərin korlanması anlamına gəlmir. Bu, daha çox siyasi və diplomatik gedişdir. ABŞ ilə İsrail arasında hər hansı hərbi qarşıdurmanın baş verməsi və ya ciddi gərginliyin yaranması ehtimalı isə son dərəcə aşağıdır və mövcud reallıqlarla uzlaşmır”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Çünki ABŞ və İsrail uzunmüddətli strateji, hərbi və kəşfiyyat tərəfdaşlığına malikdir. Yaxın Şərqdə regional təhlükəsizlik və çəkindirmə siyasətinin mühüm hissəsi də məhz bu əməkdaşlıq üzərində qurulub. İki ölkə arasında genişmiqyaslı hərbi əməkdaşlıq mövcuddur, birgə təlimlər keçirilir, silahlı qüvvələr arasında yüksək səviyyəli inteqrasiya təmin olunub. Xüsusilə hava hücumundan müdafiə sistemləri, kəşfiyyat mübadiləsi və digər təhlükəsizlik istiqamətlərində əməkdaşlıq kifayət qədər genişdir. ABŞ İsrailə hərbi yardım göstərir, silah tədarükünü davam etdirir. Eyni zamanda Vaşinqton beynəlxalq platformalarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında İsrailə qarşı irəli sürülən qətnamələrin qarşısını almaq üçün dəfələrlə veto hüququndan istifadə edib”.
E.Səftərov qeyd edir ki, əsas məqam ondan ibarətdir ki, ABŞ ilə İsrail arasında çox güclü strateji və siyasi bağlar mövcuddur.
“Həm ABŞ Konqresində, həm də Amerika ictimaiyyətinin əhəmiyyətli hissəsi arasında İsrailə ciddi dəstək var.
Tarixin müxtəlif mərhələlərində ABŞ administrasiyaları tərəfindən İsrailə ünvanlanan sərt diplomatik bəyanatlar səsləndirilsə də, bunlar əsasən çəkindirici xarakter daşıyıb. Ən pis ssenaridə belə, münasibətlərdə müəyyən diplomatik məhdudiyyətlər, siyasi xəbərdarlıqlar və ya ayrı-ayrı əməkdaşlıq istiqamətlərinə dair təzyiq elementləri gündəmə gələ bilər. Lakin bu cür addımların strateji tərəfdaşlığın mahiyyətini dəyişdirəcək və ya iki ölkə arasında ciddi qarşıdurmaya səbəb olacaq səviyyəyə yüksəlməsi real görünmür”.
Aynurə İsmayıl
KONKRET.az
