The Wall Street Journal yazır ki, İranla müharibənin uzanması ABŞ və İsrail arasında münasibətləri gərginləşdirib və bu, Donald Trampla Benyamin Netanyahu arasındakı əlaqələrə də mənfi təsir göstərib.
KONKRET.az xəbər verir ki, nəşrin anonim mənbəsinin iddiasına görə, Tramp narazılığını gizlətməyərək bəzən köməkçilərinə Netanyahu ilə nə danışmaq, nə də görüşmək istədiyini deyib.
Məlumata görə, Netanyahu ilə Tramp arasında görüş təşkil etmək cəhdləri nəticəsiz qalıb. Gərginliyin əsas səbəbləri kimi İran münaqişəsinin uzanması, Vaşinqton–Tehran arasındakı memorandumun baş tutmaması və Türkiyəyə ABŞ-ın F-35 qırıcılarının mümkün satışı ilə bağlı fikir ayrılıqları göstərilir.
“Axios” və “Ynet” də bildirir ki, Tramp administrasiyasının bəzi yüksəkvəzifəli rəsmiləri, o cümlədən vitse-prezident Cey Di Vens, Netanyahunun İranla bağlı həddən artıq nikbin qiymətləndirmələrinin özünü doğrultmadığını düşünür.
Qeyd edək ki, hələlik ABŞ və İsrail bu iddiaları rəsmi şəkildə təsdiqləməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
