Sərnişindaşımada qiymət artımının anonsu verildi – ŞƏRHbackend

Sərnişindaşımada qiymət artımının anonsu verildi - ŞƏRH

Surxay Atakişiyev

Bu gün bir məlumat yayıldı. Məlumatda deyilirdi ki, Nazirlər Kabineti mütərəqqi beynəlxalq təcrübələri nəzərə alaraq, ictimai nəqliyyatdan güzəştli və nağdsız istifadə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün hazırlıq işlərinə başlayıb.

Düzü, bu tip xəbərləri mən heç xoşlamıram. Bu cür xəbərlər adətən hökumətin hasısa sahədə qiymətləri qaldıracağı ərəfədə dövriyyəyə buraxılır. Nəqliyyat daşımalarında qiymətlərin qaldırılması isə artıq yeni ildən anons edilir. Çünki yeni ildən dizel yanacağı 30, benzin isə 10 faizdən artıq  bahalaşdı.

Hazırda yük və sərnişindaşımada istismar olunan avtomobillər əsasən dizellə və mavi yanacaqla işləyir. Ona görə də daşımalarda qiymətlərin qaldırılması qaçılmazdır. Yəqin yaxın günlərdə hökumətimiz müəyyən qism sərnişinlərə, məsələn, təqaüdçülərə, hərbiçilərə və digər bu kateqoriyadan olan adamlara güzəştli qiymətlərlə gediş haqqı tanıyacaq. Və bundan bir müddət sonra isə sərnişin daşımalarda qiymətlər qaldırılacaq. Taarif Şurası qiymətləri qaldırandan sonra isə deputatlarımız və bəzi “ekspert”lərimiz adəti üzrə efirlərə çıxıb danışacaq ki, qiymətlərin qalxması aztəminatlı təbəqəsinə təsir etmiyəcək. Çünki onların sosial müdafiəsi hökumət tərəfindən təşkil edilib. Vəssalam.

O ki, qaldı sərnişindaşımada beynəlxalq təcrübəni öyrənməyə və müəyyən kateqoriyadan olan sərnişinlərə güzəştlərin tətbiqinə, bunun üçün uzağa getmək yox, keçmişimizə boylanmaq kifayətdir. Bəyənmədiyimiz sovetlər dönəmində tələbələr, veteranlar, polislər, hərbçilər və digər bu kimi kateqoriyadan olan insanlar paytaxtda pulsuz gediş hüququna mailik idilər. Bu kateqoriyadan olan insanlar şəhərlərarası sərnişindaşımada isə 50 faiz güzəşt imkanına malik idilər. Lakin müstəqilliyimizin ilk illərindəcə bu güzəştlər ləğv olundu.

Səbəb kimi də onu göstərdilər ki, sərnişindaşıma ziyanla işləyir. Amma son 30 ildə sərnişindaşımanın rentabelliliyini nə gördüm, nə də eşitdim. Hazırda, AZAL, BNA, dəmir yolu və metro ziyanla “işləyir”. Və bu qurumların hamısı dotasiyaya oturub. Baxmayaraq ki, sərnişindaşımanın ziyanla işləməsinin qaranlıq səbəbləri var. Bu dəfə bu qaranlıq səbəblərdən danışmayacağam.

Ancaq onu xatırladacam ki, biz də nə vaxtsa gözəl şeylər görmüşük. Hələ onu demirəm ki, vaxtilə paytaxtımızda və mərkəzi şəhərlərimizdə tramvaytrolleybuslarla yanaşı, mikroavtobuslar da fəaliyyət göstərirdi. Sərnişindaşımada qiymətlər isə 3 qəpikdən 15 qəpik arasında dəyişirdi. Sərnişin də baxırdı imkanına. İstəsəydi, 3 qəpik verib tramvayla və trolleybusla gedərdi, istəsəydi 5 və yaxud 10 qəpik verib avtobusla gedərdi. Kefi kök idisə 15 qəpiyindən keçib mikroavtobusla şellənə-şellənə gedərdi. Amma zaman-zaman bu özəlliklər və seçim imkanları şəhər sakinlərinin və qonaqların əlindən alındı.

Xüsusilə də Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbər gətirilməsindən sonra paytaxtın nəqliyyat sektoruna səlib yürüşü başlandı. Əvvəlcə tramvaylar, sonra trolleybuslar və ən nəhayət mikroavtobuslar dövriyyədən çıxarıldı. 2 milyonluq (o zaman əhali bu qədər idi) şəhər qaldı avtobusların ümidinə. Onu da xatırladım ki, vaxtilə avtobuslarda da qiymət və sürət fərqi vardı. 10 qəpiklik avtobuslar ekspress idi. Onlar hər dayanacaqda əyləmirlərdi. Və mənzilbaşına daha tez çatırdı. 5 qəpiklik avtobuslar isə ləng hərəkət edir, hər dayanacaqda dayanırdı. Amma bu gün bu fərqli xidmətlərin hamısı aradan götürülb. Bütün marşrutlar 30 qəpikdir. Və bütün marşrutlarda işləyən avtobuslar addımbaşı da dayanırlar.

Hələ onu demirəm ki, vaxtilə Bakı və ətraf kəndləri tramvay və elektrik qatarı şəbəkəsi bürümüşdü. Amma son 20 ildə Hacıbala Abutalıbov tramvay, Ziya Məmmədov isə elektrik qatarlarının polad xətlərini söküb İrana satdılar.

Yeri gəlmişkən, Ziya Məmmədov dönəmində Azərbaycan dəmir yolunun bir çox xətləri sökülərək istismara yaramayan material kimi xarici dövlətlərə satıldı. Tək bir faktı deyim. 20 il bundan qabağadək Şirvan şəhərindən Horadiz şəhərinə qədər iki tərəfli dəmir yolu xətti vardı. Əslində bu qoşa dəmir yol xətti Naxçıvana qədər uzanırdı. Amma 90-cı illərin sonlarından başlayaraq Şirvan-Horadiz arasındakı qoşa dəmir yolu xəttinin birini Ziya Məmmədov sökdürüb satdırdı. Horadizdən Naxçıvana qədər olan dəmir yolunu isə ermənilər dağıtdı.

İndi də yenidən bu dəmir yollarının bərpası üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərclənməlidir ki, kommunikasiya bərpa olunsun. Eləcə də Bakıdan Sumqayıta qədər dövrə vuran elektrik dəmir yolu xətti 2000-ci ilin əvvələrində sorğusuz-sualsız sökülüb, satıldı. Amma hökumətimiz nə o zaman, nədə ki indi bunun hesabını bir kimsədən soruşmur. Di gəl ki, Bakı-Sumqayıt dəmir yolunun tikilməsinə dövlət büdcəsindən yenidən 100 milyonlarla manat vəsait ayrıldı. Sökülən dəmir yolu xətti yenidən tikildi. Bəs bu xətləri sökənlərdən niyə hesab sorulmur?

Gündə bir “ekspert” çıxıb deyir ki, ermənilər bu qədər kommunikasiyamıza ziyan vurub. Və erməniləri beynəlxalq məhkəmələrlə hədələyirlər. Bəs içimizdəki “erməni”lər barədə niyə susulur? Onlar ki, sağdır, dövlətə və xalqa vurduqları milyardalarla ziyan hesabına ağla gəlməyən pullar qazanıblar. İndi də oturub xımır-xımır yeyirlər. İçimizdəki “erməni”lərin dağıtdığı nəqliyyat sisteminin bərpası üçün dövlət yenidən külli miqdarda vəsait xərcləyir. O vəsait ki, o kasıb-küsubun boğazından kəsilib,formalaşan dövlət büdcəsində ayrılır.

Əlqərəz, hökumətimizin bu günki təşəbbüsündən gözüm su içmədi. Allah axırını xeyirə calasın.

KONKRET.az

  • Ahmed
    Mart 10, 2021 - 22:59

    Sizin yazınızdan xoşum gəldi tamamilə düz yazmısız kimsədən hesab sorulmur. Bir kasıbın biri bir toyuq oğurlasa neçə müddətə zindana salınır ama bu dələduz məmurlar milyonları hətta milyardları dağıdırlar ama bir soruşanda yoxduki niyə belə elədin.Sizdən çox xahiş edərdimki həmkarlar ittifaqından nəsə yazasız bu yaramaz təşkilat nəyə qulluq edir. Sağolun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*