Türkiyədə tütün məmulatlarının istifadəsinə qarşı daha sərt məhdudiyyətlərin tətbiqi müzakirə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilir ki, hakim AK Parti tərəfindən hazırlanmış qanun layihəsi 2040-cı ilə qədər ölkədə tütün məhsullarından mərhələli şəkildə imtinanı nəzərdə tutur.
Planlaşdırılan modelə əsasən, dəyişikliklər mərhələli şəkildə həyata keçiriləcək:
“İlk mərhələdə siqaret çəkməyə qadağanın ictimai məkanlarda, o cümlədən kafe və restoranların açıq sahələrində, təhsil və səhiyyə müəssisələrində, eləcə də dini obyektlərdə tətbiqi nəzərdə tutulur.
Layihədə “tütün məhsulu” anlayışının da genişləndirilməsi planlaşdırılır. Bu kateqoriyaya ənənəvi siqaretlərlə yanaşı elektron siqaretlər, veiplər, qəlyanlar, tütün qızdırıcı cihazlar və nikotin tərkibli sintetik və ya təbii məhsullar daxil edilə bilər”.
Qaydaların pozulmasına görə ciddi sanksiyalar da nəzərdə tutulur:
“Cərimələr 1 milyondan 10 milyon lirəyə (38-380 min manat) qədər dəyişə bilər. Həmçinin bizneslərin lisenziyalarının ləğvi ehtimal olunur. Turistlər və fərdi şəxslər üçün isə tütün məhsullarının ölkəyə gətirilməsi, saxlanması və alınmasına görə inzibati cərimələrin tətbiqi mümkün olacaq”./globalinfoaz
