SOCAR 420 işçisini təxliyə etdibackend

SOCAR 420 işçisini təxliyə etdi

Azərbaycan ərazisində hava şəraitinin kəskinləşməsi ilə bağlı SOCAR 420 nəfər işçisini dənizdə yerləşən obyektlərdən sahilə təxliyə edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, təxliyə prosesinin təşkilində şirkət lazımı təhlükəsizlik tədbirlərini təmin edib.

“Hava şəraiti normallaşandan sonra əməkdaşlarımız iş yerlərinə qaytarılacaq”, – deyə İ. Əhmədov əlavə edib.

Bundan başqa, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mehman Mehdiyev bildirib ki, ASCO-nun donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

“Xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb”, – deyə M. Mehdiyev əlavə edib.

O həmçinin bildirib ki, xəbərdarlıqda qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bir cavab yazın