“Söhbət çox ağır mövzulardan gedir!” – Anasından imtina edən Sueli DƏSTƏKLƏDİLƏRbackend

“Söhbət çox ağır mövzulardan gedir!” – Anasından imtina edən Sueli DƏSTƏKLƏDİLƏR

Xeyli müddətdir həbsdə olan tanınmış prodüser Təranə Səmədovanın övladları ətrafında gedən müzakirələr səngimək bilmir. Vaxtilə bir yerdə çalışdıqları müğənni Rəqsanə İsmayılovanın prodüserin övladlarını himayə etməsi dəmir barmaqlıqlar arxasından boylanan ananı nədənsə ciddi narahat edir. Və məhkum xanım israrla hər iki qızının uşaq evinə verilməsini tələb edir. 14 yaşlı Suel adlı böyük qızı isə anasının qərarına qarşı çıxaraq, Rəqsanə İsmayılovanın ailəsində qalmaq istədiyini bildirir. Təbii ki, cəmiyyətin böyük əksəriyyəti bu məsələdə uşağın fikrini dəstəkləyir və tanınmış müğənninin evində daha rahat və təminatlı yaşaya biləcəyini deyir.

Bəs görəsən, psixoloqlar bu barədə nə düşünür? İndiki halda yeniyetmə Suelin verdiyi qərarlar dəstəklənməlidirmi? Onun daha böyük travmalar yaşamaması üçün hansı addımlar atılmalıdır?

KONKRET.az-a insidentlə bağlı fikirlərini bölüşən psixoloq Vəfa Rəşidova Dəmir hesab edir ki, bu məsələdə Suelə zaman verilməlidir: “Suel hələ yeniyetməlik yaş dövründədir. O, bu dövrü 22 yaşında adladacaq. Yəni qəti qərarlar verməkdə yetkin yaşda deyil. Həm də o səviyyədə təhsil almayıb ki, bu yaşda qəti qərarlar verə bilsin. Məlumdur ki, həyat tərzi də bir o qədər intizamlı olmayıb. Bir tərəfdən, Sueli də anlamaq olur ki, o, özünü tənha hiss edir, tərk edilmiş psixologiyadadır. Və düşdüyü çətin vəziyyətdən özünü necə qurtaracağını, yəni alternativ variantlar düşünür. İndiki halda o, anasından çox özü haqqında fikirləşir. Çünki düşdüyü situasiyada insanlardan, ətrafdan, tək qalmaqdan qorxur. Ac qalmaqdan və istismar olunmaqdan qorxur. Yəni hər şeydən qorxduğuna görə hazırda o situasiya da onu bir qədər sıxa bilər. İndi hər kəs bu mövzuda danışdığına və Suelin də həyat təcrübəsi olmadığına görə nəyi necə edəcəyini tam olaraq bilmir.

Yaşının və həyat təcrübəsinin azlığı, ailədə başçının olmaması onun psixologiyasına ciddi təsir edir. Fikrimcə, indiki halda bütün bu situasiyalar nəzərə alınaraq, Suelə qərarlarını qətiləşdirmək üçün bir qədər zaman verilməlidir. Yəni yeniyetmənin daha dərin düşünməkdən ötrü zamana ehtiyacı var. Ona ən azı üç-altı ay aralığında möhlət verilməlidir ki, aydın bir qərar verə bilsin. Sakitləşsin, dincəlsin, özündə bir güvən formalaşsın.

Doğrudur, o, Rəqsanə İsmayılovanı şəxsən tanıyır, yanında qalmaqda israr edir. Çünki orada münasibət və isti ocaq görür. Ən azından düşünür ki, bayırda və ya yad adamların yanında qalmaqdansa, onun evi daha rahat olar. Amma bununla belə düşdüyü situasiyadan asılı olaraq və gələcəkdə başqa səhvlərə yol verməmək üçün ona zaman tanımaq lazımdır.

İnanmıram ki, indiki halda verdiyi qərarlar net və doğru olsun. Ona görə ki, ətraf onu çox sıxır, insanlar, televiziya, çəkilişlər, suallar çox sıxır. Bəzən suallara kəskin, bəzən naümid cavab verir, bəzən də heç nə deyəcəyini bilmir. Ona görə də onun zamana ehtiyacı var. Mən bir psixoloq olaraq yalnız bunu tövsiyə edirəm ki, uşaq sakitləşməli, situasiyanı mənimsəməli və düzgün qərarlar verməyə hazır olmalıdır”.

Prosesləri daha yaxından izləyən psixoterapevt Elmir Əkbər isə indiki halda yeniyetmə ilə ciddi psixoloji iş aparılmasının vacib olduğunu deyir. Həmçinin, ölkədə böyük əks-səda doğuran bu insidentdə tərəfləri ədalətli olmağa çağırır: “O yazıq uşağın başına elə hadisələr gəlib ki, açılıb-büküləsi deyil. Azərbaycan mentalitetinə sığmayan elə hallar yaşayıb ki, uşağın gələcəyi nəzərə alınaraq ümumi müzakirəyə çıxarılmır. Elə bir ağrı-acılı məsələlər var ki, televiziyada onu səsləndirmək mümkün deyil. Çox ağır mövzulardan söhbət gedir. Təranə Səmədovanın durumu, həyat tərzi nəzərə alınaraq, çox acınacaqlı məqamlar var ortada. Və bu hallar öz təsdiqini taparsa, o uşağın bioloji anasına verilə biləcəyi sual altına düşəcək.

O ki qaldı Suelin Rəqsanə İsmayılovanın evində yaşamağı məsələsinə, əgər uşaq məşhur müğənninin evində daha rahat yaşamaq istəyirsə və qarşı tərəf buna etiraz etmirsə, ona sahib çıxmağa hazırdırsa, bunu niyə də eləməsin? Nəzərə alaq ki, uşağın 14 yaşı var və məlumdur ki, insanın bir çox psixi xüsusiyyətləri hətta 7 yaşında formalaşır. 14 yaş isə artıq son yeniyetməlik dövrüdür və uşaq artıq gəncliyə qədəm qoyacaq.

Əslində bu, Rəqsanə xanım üçün çox çətin və məsuliyyətli bir addımdır. Çünki insan öz övladlarına görə onsuz da əziyyət çəkir. Başqasının övladının qayğısına qalmaq da əlavə çətinlik yaradır. Amma əgər Rəqsanə xanım bunun öhdəsindən gələ biləcəyini düşünürsə, öz ürəyindən də keçirsə, niyə də Suelə sahib çıxmasın?

Baxın, dünyanın hər yerində uşaqgötürmə təcrübəsi var. Və uşağın düşdüyü ailəni tanıyıb-tanımadığı vacib deyil. Foster ailələr var və o ailələrə adaptasiya olunan uşaqlar fərqlidir. Ona görə də burada heç bir ziddiyyət görmürəm. Həm psixoloji, həm də bildiyim qədər hüquqi baxımdan da bir problem yoxdur. Təkrar edirəm, əgər uşaq Rəqsanə xanımla qalmaq istəyirsə və qarşı tərəf buna etiraz etmirsə, onda buna qarşı niyə çıxılsın ki?”.

Ekspert onu da əlavə edir ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə uşağların daha çox ailələrə himayəyə verilməsinə şərait yaradılır: “Hazırda bütün dünyada ən zəngin ölkələrdə belə dövlət çalışır ki, ailələr uşaqları himayəyə götürsün, nəinki uşaq evində qalsınlar. Ona görə yox ki, ölkələrin uşaqları saxlamaq imkanı yoxdur. Ona görə ki, insanın bioloji və psixoloji ehtiyacları var və bu tələbatlar onun ailədə böyüməsini zəruri edir. Və dünyanın ən zəngin ölkələrində belə uşaq evlərinin tədricən ləğv olunması, kimsəsiz uşaqların ailə mühitində böyüməsi üçün çoxlu layihələr icra edilir.

Doğrudur, bu gün Azərbaycanda dövlət uşaq evlərinə çox qayğı göstərir. Amma gəlin etiraf edək ki, ölkəmizdə heç bir uşaq uşaq evinə, heç bir qoca da qocalar evinə atılmaq istəmir. Yəni Azərbaycanda bu məsələyə tamamilə fərqli yanaşma mövcuddur. Ona görə də Suelin özü üçün də uşaq evinə getmək ağırdır.

Düzdür, nəticə barədə də heç kim əvvəlcədən heç nə deyə bilməz. Amma konkret bu gün bu məsələyə etiraz edilməsi başadüşülən deyil. Mən heç kimin xətrinə dəymək istəmirəm, ancaq baxırsan ki, gəlib Təranə xanımın qohumu, dostu olduqlarını deyirlər, uşağa sahib çıxmaq barədə isə heç nə düşünmürlər. Əgər anaya elə yaxındırlarsa, uşağına sahib çıxsınlar və ya gedib onunla yaşasınlar. Məsələnin bu tərəfləri də var axı, yəni ədalətli olmaq lazımdır. Əgər Rəqsanə xanım bu gün yaxşılıq eləmək istəyirsə, əksinə, hamı ona müəyyən qədər dəstək olmalıdır. Onun üçün bu məsələni asanlaşdırmaq lazımdır, hərə bacardıgı maddi və mənəvi dəstəyi göstərmək əvəzinə, görürsən ki, müxtəlif təzadlı fikirlər səsləndirilir. Uşağın durumunu demək olar ki, fikirləşən yoxdur. Nəzərə alsaq ki, Suel də Rəqsanə xanımı əvvəldən yaxşı tanıyır və ona güvənir, burada əlavə problem yaratmaq yersizdir.

Doğrudur, indiki halda mən uşağın psixi vəziyyətini də qənaətbəxş hesab etmirəm. Onunla xeyli psixoloji iş aparmaq lazımdır. Amma uşaqla iş aparmaq və onun həqiqi fikirlərini aşkarlamaq üçün Rəqsanə xanımdan alıb, başqa bir yerdə saxlamaqla biz kimə nəyi sübut etmək istəyirik? Ona görə də düşünürəm ki, qaşınmayan yerdən qan çıxarmaq lazım deyil”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*