Türkiyənin müxalif “Altılıq Masası” bloku “Prezidentliyə namizəd” mövzusu ilə bağlı toplanacaq. Bloka daxil olan altı partiyanın lideri ilk dəfə konkret adlar üzrə namizədlik məsələsini müzakirə edəcək. Bəs görəsən müxalifətin real namizədi kim ola bilər?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Türkiyə müxalifəti seçkilərə vahid namizədlə çıxa bilməyəcək: “Kılıçdaroğlu iddialıdır və ən güclü ana müxalifət partiyasının lideridir. Yaşı ilə əlaqədar onun seçkidə iştirak etmək üçün son şansıdır. Əgər bu seçkilərdə namizəd ola bilməsə, şansını birdəfəlik itirəcək. Ona görə də, Kılıçdaroğlu iddialıdır və CHP onun arxasındadır. Bunun əleyhinə isə Meral Akşener çıxır. Onun istəyi İmamoğlunun namizəd olmasıdır. Mansur Yavaşın da adı hallanmasına baxmayaraq, İmamoğlu daha şanslıdır. İmamoğlu həm də CHP üzvüdür və İstanbul bələdiyyəsinin rəhbəridir. Amma struktur hər zaman başqanın yanında olur. Başqan isə Kılıçdaroğludur. Ona görə də, CHP-nin Kılıçdaroğlu varkən İmamoğlunu dəstəkləməsi real görünmür. Fikrimcə, ümumiyyətlə ana müxalifət vaid namizədlə ortaya çıxa bilməyəcək və sonda ən çox səs yığanın ikinci turda dəstəklənməsi haqda razılaşacaqlar. Amma vahid namizəd olmadığı halda ikinci tura ehtiyac qalmayacaq və Ərdoğan elə ilk turda qalib gələcək”.

Politoloq əlavə edib ki, tarixdə nəzər salsaq CHP-nin hakimiyyəti dövründə Azərbaycana qarşı olan münasibəti aydın görə bilərik: “Azərbaycan bundan heç zaman xeyir görməyib. 1946-cı il Boraltan hadisələrini, 1990-cı illərin əvvələrində Süleyman Dəmirəlin hakimiyyəti dövründəki “helikopter” məsələsini və digərlərini misal göstərə bilərik. Onlar daha çox qərbyönümlü, Türk-İslam ideologiyasından uzaq, sol təfəkkürlü insanlardır. Sıralarında kifayət qədər ermənilər, sol təfəkkürlü kürdlər də var. Onların Azərbaycana münasibəti bəllidir. Ona görə də, Kılıçdaroğlu və ya bu təfəkkürdə olan digəri Türkiyədə hakimiyyətə gəlsə, o zaman Azərbaycanla münasibətdə dəyişikliklər baş verəcək. Kılıçdaroğlu Azərbaycanla münasibəti qoruyub saxlamağa çalışsa da, CHP-nin partiya mövqeyi buna imkan verməyəcək. Çünki orada elə adamlar təmsil olunurlar ki, rahatlıqla anti-Azərbaycan təbliğatını həyata keçirə bilərlər. Onlar müxalifətdə ola-ola belə mövqe sərgiləyirlərsə, o zaman hakimiyyətə gəlsələr vəziyyət daha betər olar”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
