Su sektoru ilə bağlı KİV nümayəndələrinə TƏLİM KEÇİRİLİB – FOTOLARbackend

Su sektoru ilə bağlı KİV nümayəndələrinə TƏLİM KEÇİRİLİB - FOTOLAR

“Azərsu” ASC-nin 2021-2023-cü illər üzrə “Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına əsasən, media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) ilə birgə təlimləri keçirilib.

KONKRET.az xəbər verir ki, Təlim və İnnovasiyalar Mərkəzində (TİM) təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib.

Təlimdən əvvəl iştirakçılar TİM-də və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində “Azərsu” ASC-nin həyata keçirdiyi tədbirlər barədə mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli isə kommunal sektorda, o cümlədən su təchizatı sahəsində jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb. Qeyd edib ki, təlimlər KİV nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılmasına və gələcək fəaliyyətlərində ictimaiyyətə dolğun informasiyanın çatdırılmasına kömək göstərəcək.

Təlimdən öncə “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

“Azərsu” ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli “Azərbaycanda həyata keçirilmiş içməli su layihələri və onların əhəmiyyəti”, MEDİA-nın şöbə müdiri Natiq Məmmədli “Media subyektlərində ixtisaslaşma və onun üstünlükləri”, Xəzər Universitetinin mərkəz rəhbəri Rövşən Abbasov “İqlim dəyişikliklərinin Azərbaycanın su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə”, “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun direktor müavini Elnur Nəsirov “İqlim dəyişikliklərinin içməli su mənbələrinin məhsuldarlığına təsiri”, Texnoloji proseslərə  nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev “Suyun keyfiyyəti insan sağlamlığı üçün əsas amillərdən biridir”, Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlı “Sudan səmərəli istifadə, israfçılığın və qanunsuz qoşulmaların qarşısının alınması ilə bağlı görülən tədbirlər” mövzularında təqdimatla çıxış ediblər. Tədbir zamanı mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Şəbnəm Mehdizadə,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*