Türkiyədə “Alihan Kuriş cinayət təşkilatı” ilə bağlı istintaq çərçivəsində ikinci genişmiqyaslı əməliyyat keçirilib.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul, Konya, Mersin və Muğlada eyni vaxtda əməliyyatlar təşkil olunub.
Əməliyyat zamanı 13 şübhəli barəsində tədbir görülüb. Onlardan 12-si saxlanılıb. Bir şübhəlinin tutulması istiqamətində axtarışlar davam etdirilir.
Məlumata görə, saxlanılanlar arasında təşkilat rəhbərləri, həmçinin xəstəxana və informasiya texnologiyaları şirkətlərinin keçmiş rəhbər və rəsmiləri də var. İstintaq zamanı təşkilatın maliyyə strukturu, şirkət və dərnəklərlə əlaqələri, eləcə də cinayət yolu ilə əldə edildiyi ehtimal olunan əmlaklarla bağlı yeni sübutlar əldə edilib.
İstintaqın 13 avqustda keçirilən ilk əməliyyatdan sonra genişləndirildiyi bildirilir. Həmin əməliyyat zamanı Alihan Kurişin də daxil olduğu çoxsaylı şübhəlilər saxlanılmışdı. Ankara Baş Prokurorluğu ilkin mərhələdə 49 şübhəli barədə gözaltı qərarı vermiş, əməliyyat 17 vilayətdə aparılmışdı.
İş üzrə şübhəlilərə cinayət təşkilatı yaratmaq və ona üzv olmaq, cinayət yolu ilə əldə edilmiş əmlakların leqallaşdırılması, dələduzluq və vergi qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir.
İstintaq davam etdirilir.
Günay Əli
KONKRET.az
