Sumqayıt hadisələri ilə bağlı dövlət ittihamçısının yoxa çıxan çıxışının ŞOK TƏFƏRRÜATIbackend

Sumqayıt hadisələri ilə bağlı dövlət ittihamçısının yoxa çıxan çıxışının ŞOK TƏFƏRRÜATI

Sumqayıt zaman-zaman gənclər şəhəri, çoxmillətli şəhər adlandırılıb. Keçmiş SSRİ-nin sənaye mərkəzlərindən biri olub. Sumqayıta çox mahnılar bəstələnib, şeirlər yazılıb. Amma son dövrlər bu şəhərin adı bir qarayaxmaya da tuş gəlib.

Bədnam qonşularımız bu şəhəri tez-tez terrorçular şəhəri kimi hallandırır. Bəs nəyə görə? Ona görə ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində xüsusi xidmət orqanlarının əli ilə milli zəmində iğtişaşlar törədildi. Nəticədə bir gecənin içində 32 nəfər öldürüldü. Öldürülənlərdən 26-sı erməni, 6-sı isə azərbaycanlı idi. SSRİ DTK-nın əli ilə törədilən bu iğtişaş ölkədə milli zəmində münaqişələrin alovlanmasına səbəb oldu. Və Sumqayıt hadisərilə paralel Xankəndində erməni separatçıları DQMV-nin Azərbaycan SSR-dən ayrılıb, Ermənistan SSR-yə birləşdirilməsi üçün hərəkat başlatdı. Bu isə SSRİ-nin dağıdılması istiqamətində ilk addım oldu. Yəni xalqlar daha əvvəlki kimi SSRİ-nin tərkibində mehriban və firavan yaşamaq istəmirdilər. Ona görə də Sumqayıt hadislərinin DTK tərəfindən hazırlandığı və hər zaman böyük dövlətlərin əlində maşa olan ermənilər tərəfindən həyata keçirildiyi danılmaz faktdır. Nəzərə alaq ki, Sumqayıt hadisələrindən sonra, Qazaxıstanda, Özbəkistanda, GürcüstandaLitvada milli münaqişə zəminində təxribatlar törədildi. Və nəticədə bu proseslər qısa zamanda SSRİ kimi nəhəng bir imperiyanın dağılmasına səbəb oldu.

Amma Sumqayıt hadisələri Azərbaycan tarixinə qara səhifə kimi yazıldı. Və ermənilər bu faktdan istifadə edərək, uzun illər beynəlxalq aləmdə Azərbaycan dövlətinin və millətinin nüfuzuna ciddi ziyan vurdular. Doğrudur, ədalət gec də olsa öz yerini tapdı. Lakin “olmuşla ölmüşə çarə yoxdur”. Sumqayıt hadisələrindən 33 il keçməsinə baxmayaraq, o günləri təəssüflə xatırlayırıq. Təkcə biz yox, həm də bəzi işıqlı ermənilər. Hansı ki, bu ermənilər vətənlərini canlarından daha çox seviblər və hər zaman xalqlarını xəstə ideologiyalardan xilas etməyə çalışıblar. Onlardan biri də Paruyr Hayrikyandır. O, Ermənistanda anadan olub, ali təhsilli mühəndisdir. 1973-cü ildə siyasi baxışlarına görə həbs edilib. 1987-ci ildən İrəvanda Ermənistanın Milli Müqəddəratını Təyinetmə Partiyasını yaradıb. Lakin liberal baxışlarına görə o, siyasətdə çox da böyük uğur qazanmayıb. Bildiyiniz kimi, son 33 ildə Ermənistanda ancaq radikal millətçilər hakimiyyətdə olublar.

Paruyr Hayrikyan 1988-ci il Sumqayıt hadisələri haqqında yazırdı ki, “4000 nəfər azərbaycanlının Qafandan qovulması ilə eyni vaxtda 1988-ci il Sumqayıt antierməni poqromları Sovet İttifaqının dağılması üzərində işləyən Sov.İKP MK-nın Baş katibi Mixail Qorbaçov tərəfindən yuxarıdan təşkil edildi. Və bu məsələdə azərbaycanlılar günahlandırıldı”. Qəribədir ki, bu həqiqəti söylədiyinə görə Hayrikyan Moskva tərəfindən ciddi cəzalandırıldı. O, SSRİ vətəndaşlığından məhrum edildi və Efiopiyaya sürgün olundu. SSRİ dağılandan sonra geri dönən Hayrikyan Sumqayıt hadisələri il bağlı həqiqətləri deməkdə davam etdi. O deyirdi ki, “DTK sədrinin müavini Vladimir Kryuçkov və baş katib Mixail Qorbaçov Sumqayıtda günahsız insanların qanını tökdülər. Dağlıq Qarabağ münaqişəsinin başlanğıcını qoymuş DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-yə verilməsinə dair qanunsuz təşəbbüs Qorbaçov qrupu tərəfindən Azərbaycan və erməni xalqlarına qarşı təxribatların mühərriki kimi istifadə edilmişdir. Onlar Sumqayıt poqromlarını təşkil etdilər və bunun üçün Azərbaycan xalqını günahlandırdılar. Təbii ki, bunu təşkil edən çekistlərin özləri olduğunu deyə bilmədilər. Ancaq ən azından cinayətkarlar tərəfindən təşkil edildiyini söyləyə bildilər. 1988-ci ildə KQB-nin nəzarətində olan bir sovet sistemi var idi. Bunun səlahiyyətlilər tərəfindən təşkil olunduğunun sübutu təkcə xırda təxribatlar deyildi, həm də bütün erməni millətindən olan şəxslərin Ermənistana qovulması idi”.

Sumqayıt hadisələrinə obyektiv yanaşan ermənilərdən biri də erməni mənşəli politoloq Sergey Kurqinyandır. O bu yaxınlarda “Vestnik Kavkaza” nəşrinə verdiyi müsahibəsində deyir ki, “1980-ci illərin sonunda Bakıya gəldim. Burada tamam başqa proseslərin getdiyinin şahidi oldum. Tam məsuliyyətimlə deyərdim ki, Sumqayıtda erməniləri öldürənlər heç də azərbaycanlılar deyildi. Onlar beynəlxalq özəl strukturların muzdla tutduqları insanlar idi. Biz həmin şəxsləri adbaad tanıyırıq və o zaman da, indi də hansı strukturlara aid olduqlarını gözəl bilirik. Bu insanlar erməniləri öldürürdülər və bu işi azərbaycanlılara aid edirdilər. Sonra isə erməni və azərbaycanlıları bir-birilərinin üstünə qaldırırdılar. Nəticədə idarə olunan bu gərginlik qızışdırıldı. Biz bütün bunların arxasında kimin durduğunu bilirik”. Onun sözlərinə görə, vəziyyət çox ağır idi. Lakin ən dəhşətlisi başqa şey idi. “Buna heç bir aidiyyəti olmayan demokratoid və liberaloid miflər son instansiyada həqiqət kimi qəbul edilirdi. Bütün bu viruslar artıq beyinlərə çökürdü və kütlə də lazımi istiqamətə, özünün sonuna, bədbəxtliyinə, onu ən pis duruma salacaq vəziyyətə doğru qaçırdı”, – deyə erməni politoloq vurğulayıb.

Beləliklə, erməniəsilli politoloq o dövrün hadisələrinə belə desək, obyektiv mövqe nümayiş etdirmiş, baş verən hadisələrdə azərbaycanlıların məsuliyyət daşıdığı barədə ermənilərin mifinə ciddi zərbə vurmuş olub. Gözlənilirdi ki, onun bu bəyanatına reaksiyalar daxil olacaq və belə də olub. “Birinci erməni” (1in.am) saytı dərhal bu açıqlamaya sərt reaksiya verib və hədəf kimi də Moskvanı seçib. “Moskva Kurqinyanın dili ilə hansı cəfəngiyatı yayır” başlıqlı məqalədə vurğulanır ki, “Kremlin əsas “müştərilərindən” biri, rusiyalı politoloq Sergey Kurqinyan “vestikavkaza.ru” informasiya-analitik saytına müsahibəsində “sensasion” bəyanatla çıxış edib”.

Daha sonra isə sayt bir vaxtlar ermənilərin başına and içdikləri politoloqun təhqirinə keçilib: “30 il bundan əvvəlki hadisələr barədə danışan qondarma politoloq bildirir ki, Sumqayıtdakı hadisələri azərbaycanlılar deyil, beynəlxalq strukturlarda təmsil olunan şəxslər həyata keçirib. Bununla da onların məqsədi Azərbaycanla Ermənistan arasında yaşanan idarə olunan münaqişəni gücləndirmək olub. S.Kurqinyan barədə onu deyə bilərik ki, bu şəxs tam şəkildə Rusiya prezidenti Vladimir Putinin çıxışının “dozası” altındadır. Bu şəxs Kreml dairələrinin təbliğat sifarişlərini həyata keçirir. Özünün proqram çıxışında Rusiya Federasiyasının prezidenti Qərbi və Birləşmiş Ştatları Rusiyanın bir nömrəli düşməni adlandırıb. Bu günlərdə Rusiyada Qərbə, onun dəyərlərinə qarşı presendentsiz təbliğat aparılır. Bu məntiqlə hətta tarixi də təftiş edir, onu Putin tezislərinə uyğunlaşdırırlar”.

Məqalə müəllifi hesab edir ki, S.Kurqinyanın çıxışı da Putin Rusiyasının əsl mahiyyətini ortaya qoyur. Onun sözlərinə görə, erməni soyadını daşıyan Kreml sarayının “politoloqu” formal statusa malik olmasa da, bu siyasətin daşıyıcısıdır. S.Kurqinyanın dediklərini amorallıq adlandıran müəllif bunu ilk növbədə peşəkar nöqteyi-nəzərindən düzgün saymır. “Belə ki, sırf çirkin sifarişlər belə, etik normalara əməl edilməklə həyata keçirilir”, – deyən erməni müəllif Kurqinyanı tarixə qarşı çıxmaqda günahlandırır. Onun qənaətincə, bu politoloq Sumqayıt hadisələri zamanı ölən şəxslərin ruhlarına xəyanət edib. “O, bizim ümumxalq hərəkatına və onun parlaq ideyalarına qarşı çıxır”, – deyən erməni müəllif sonra əsl mahiyyətlərini ortaya qoyur. Yəni etiraf edir ki, Sumqayıt onlara hava-su kimi lazım olub və bu səbəbdən də şəhərdə qətlamlara əməlli-başlı hazırlaşıblarmış.

Bu məqsədlə də erməni soydaşları Qriqoryan kimilərindən yararlanıblar. Müəllif daha sonra özünün ifadə etdiyi kimi, Rusiya təbliğatını ikiüzlülükdə ittiham edib: “Digər tərəfdən də erməni “elitası”na daxil olan insanların Rusiya sarayına xoş gəlmək üçün özlərini necə alçalda biləcəklərini görmək dəhşətdir”. Daha sonra vurğulanır ki, “Sergey Kurqinyan, Andranik Miqranyan və digərləri mütəmadi olaraq antierməni bəyanatları ilə çıxış edir, erməni dövlətçiliyi, onun siyasi xadimlərini lağa qoyurlar. Sonra isə Yerevanda yüksək dövlət qəbullarına düşməyə nail olurlar. Əgər Ermənistan hakimiyyət orqanlarında zərrə qədər də olsa şəxsi ləyaqət, dövlətçilik təfəkkürü olsaydı, onda bu cür insanlar bizim dövlətimizdə persona non-qrata elan edilərdilər. Əgər belə hal baş vermirsə, onda Ermənistan hakimiyyət orqanları qoy Kurqinyanlar, Miqranyanlar və onlara bənzər şəxslərdən dəstək alsınlar. Bununla onlar bizim dövlətin mənəvi əsaslarını məhv etmiş olurlar”.

Göründüyü kimi, həqiqəti deyən istənilən erməni Ermənistanda lənətlənir, nifrətlə anılır. Amma fakt faktlığında qalır. Sumqayıt hadisələrində azərbaycanlıların iştirakı olmayıb. Yenə deyirəm, bunu ermənilərin bir çox ziyalıları, tanınmış simaları deyir. Məsələn, vaxtilə yaradılmış Azərbaycan və Ermənistan arasında vətəndaş platformasının həmsədri Artuq Aqadjanov, ictimai fəal Valeri Yereçyan və digərləri də Sumqayıt hadisələri barədə fikir söyləyiblər. Qeyd ediblər ki, bu hadislər Moskva və erməni millətçiləri tərəfindən təşkil olunub. Təxribatlar zamanı öldürülən 26 erməni isə o zaman gizli fəaliyyət göstərən “Hayastan” fonduna pul köçürməyən ermənilər olub.

Sumqayıt hadisələrinin hüquqi cəhətdən araşdırılması da maraqlı və ziddiyyətli məqamlarla doludur. Belə ki, o zaman hadisələrin istintaqını Moskvadan gəlmiş xüsusi istintaq qrupu aparırdı. Və bütün qərarları da onlar verirdi. Maraqlı məqam odur ki, o zaman Sumqayıt hadisələri ilə bağlı məhkəmə başlayanda dövlət ittihamçısı kimi heç bir azərbaycanlı prokuror prosesdə iştirak etmək istəməyib. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Baş Prokurorluğundan heç bir prokuror bu şərəfsiz vəzifəni öz üzərinə götürməyib. Və bu məqamda hamımızın “yaxşı” tanıdığımız Aslan İsmayılov zənbillə göydən düşür. Prokurorluq sistemində heç zaman işləməyən və Rusiyanın hansısa məhkəməsində gününü keçirən 30 yaşlı Aslan İsmayılov Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində dövlət ittihamçısı, Mansur İbayev isə hakim kimi çıxış ediblər. Və onların birgə səyi nəticəsində bu təxribat azərbaycanlıların ayağına yazılıb. Sumqayıt şəhər sakini Əhməd Əhmədov güllələnməyə məhkum edilib. Və məhkəmənin hökmü həmən icra edilib.

İstintaq dövründə zorla müttəhim elan edilmiş, ikinci qrup əlil, insulindən asılı yaşayan Elçin Güləliyev Bayıl türməsinə atılıb və burada müəmmalı şəkildə öldürülüb. Onun işinə sonrakı məhkəmə baxışı zamanı günahsızlığı üzə çıxıb. Ziyalı ailədən olan Taleh İsmayılov 15 il cəza alıb. Cəzasını “siyasi məhbus” kimi çəkmək üçün Tiflisə göndərilib. Və bir ildən sonra o da müəmmalı şəkildə öldürülüb. Lakin təxribatın əsas təşkilatçısı Eduard Qriqoryana nəyə görəsə Aslan İsmayılov  ölüm hökmü oxumayıb. Qriqoryan əvvəlcə Rusiyaya, daha sonra isə Ermənistana ekstradisiya edilib. 1991-ci ildə isə o azadlığa buraxılıb və “milli qəhrəman” adı alıb.

Sapı özümüzdən olan baltalar – gənc Aslan İsmayılovla müdrik Mansur İbayevin birgə səyi nəticəsində Sumqayıt hadisələri “hüquqi qiymət alıb”.  Üç soydaşımız günahsız yerə həbsə atılıb və öldürülüb, bir soydaşımız həbsdə aldığı xəsarətlərdən ömürlük yataq xəstəsi olub. Yüzlərlə soydaşımız maddi və mənəvi ziyan görüb. Məhz zəmanəmizin qəhrəmanı Aslan İsmayılovun hesabına. Qəribədir ki, sonradan Aslan bəy Sumqayıt hadisələri ilə bağlı kitab yazıb. Bu kitabı bir vaxtlar xeyli “rastkrutka” edib, populyarlıq qazanıb. Və yazdığı kitabda nəyə görəsə bütün günahları ermənilərdə və DTK–da görüb. Burda deyirlər ki, “utanmasan oynamağa nə var ki”? Bəs Aslan İsmayılov kitabda yazdığı həqiqətləri dövlət ittihamçısı kimi çıxış edəndə niyə demirdi?

Sonda bir məqamı da xatırladım. Sumqayıt hadisələrinin məhkəmə prosesindəki dövlət ittihamçısının çıxışı bütün arxiv sənədləri arasından yoxa çıxıb. Və 30 ildir tapılmır. Bəs “itkin düşən” ittiham sənədləri yoxa çıxıbsa, Aslan İsmayılov kitab yazarkən hansı mənbələrdən “qidalanıb”?

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*