Süni intellekt sektorunda təhlükəsizliklə bağlı müzakirələr “Anthropic” şirkətindəki vəzifəsindən istefa verən 27 yaşlı britaniyalı tədqiqatçı Jakob Koxonun açıqlamaları ilə yenidən alovlanıb.
KONKRET.az xəbər verir ki, daha əvvəl “OpenAI” şirkətində çalışan Koxon BBC-yə açıqlamasında bildirib ki, süni intellektin hazırkı inkişaf tempi bəşəriyyət üçün ciddi risklər yaradır.
Koxon daha sonra bunları vurğulayıb: “Mövcud tempi yavaşlatmasaq, yaxın gələcəkdə hamımız öləcəyik”. Onun fikrincə, süni intellekt şirkətlərində çalışan bəzi tədqiqatçılar baş verən inkişaflardan ciddi narahatdır və daha sərt tənzimləmələr tələb edirlər.
Tədqiqatçının narahatlığı yalnız uzaq gələcəklə bağlı deyil. O, çoxsaylı süni intellekt botlarının koordinasiyalı şəkildə fəaliyyət göstərərək internetdə son dərəcə güclü bir sistem yarada biləcəyi ssenarinin altı ayla bir il ərzində reallığa çevrilə biləcəyini irəli sürür. Bildirib ki, bəzi keçmiş iş yoldaşları isə qarşıdakı iki ili kritik dövr hesab edirlər.
Tədqiqatçı süni intellekt şirkətlərinin rəqabət səbəbindən bir yarışın içində ilişib qaldığını düşünür. O, mümkün yavaşlamanın Çin də daxil olmaqla beynəlxalq səviyyədə koordinasiya edilməsinin vacibliyini vurğulayır.
Lakin Koxonun qiymətləndirmələri sektorda yekdil fikir deyil. Nvidia şirkətinin baş direktoru Jensen Huang süni intellektin bəşəriyyətin sonunu gətirəcəyi ilə bağlı bu cür ssenarilərə açıq şəkildə qarşı çıxır və bu istiqamətdəki iddiaları tamamilə cəfəngiyyat adlandırır.
Koxonun irəli sürdüyü ssenarilər baş verəcəyi sübut olunmuş elmi proqnozlar deyil. Müzakirə süni intellektin nə qədər sürətlə inkişaf etdirilməli olduğu və mümkün risklərin necə nəzarətdə saxlanılacağı məsələsində texnologiya dünyasındakı dərin fikir ayrılığını ortaya qoyur.
Ağagül Mürsəlov,
KONKRET.az
