Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov parlament seçkilərinə qatılacaq.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, o, seçkilərdə deputatlığa namizədliyini Naxçıvandan irəli sürəcək. Bu barədə qərarın bir neçə günə elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1987–1989-cu illərdə kliniki ordinaturada, 1989–1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997–1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.
1999–2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006–2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009–2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən 2021-ci ilədək YAP Siyasi Şurasının üzvü olub. “SOS Uşaq Kəndləri — Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. Həmin gün YAP Sədrinin qərarı ilə YAP Sədrinin Müavini və YAP Mərkəz Aparatının rəhbəri təyin olunub.
Xatırladaq ki, YAP-ın siyahısının iyulun 13-dən sonra bəlli olacağı gözlənilir.
Natiq Səlim,
KONKRET.az