İranda məşhur hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Avropa Birliyinin xarici siyasət qurumu rəhbərinin siyasi məsələlər üzrə müavini Enrike Moraya məktub yazıb.
KONKRET.az xəbər verir ki, Enrike Moranın yeni prezident “seçilmiş” İbrahim Rəisinin andiçmə mərasiminə qatılmasına etiraz bildirib.
Avqustun 4-də İrana səfər edən Enrike Mora bu gün “Tehran qəssabı” ləqəbi ilə tanınan İbrahim Rəisinin axşam saat 17:00-da ölkə parlamentində keçiriləcək andiçmə mərasimində iştirak edəcək.
Nərgiz Məhəmmədi Enrike Moraya yazdığı yazdığı məktubunda deyib ki, onun İbrahim Rəisinin andiçmə mərasimində iştirak etməsi İranın repressiv hakimiyyətinin ömrünün uzadılmasına yardım etmək üçündür və İran xalqı onun bu hərəkətini heç vaxt unutmayacaq.
“Mənim bu məktubu yazmaqda məqsədim, İran hakimiyyətinin 2019-cu ilin noyabr ayında dinc və sivil istəkləri olan günahsız və kimsəsiz xalqa qarşı necə rəhmsiz, qəddar və qanlı repressiyalar həyata keçirməsini və küçə asfaltlarını qana bulamasını sizə xatırlatmaq deyil.
Mən minlərlə qadın, kişi və tibbi personalın dünyada adi bir məsələ sayılan vaksinasiyanın aparılmaması səbəbilə xəstəxanalarda və evlərin küncündə həyatını itirənlərdən danışmaq istəyirəm. Daha doğrusu, mən ölkəmdə evlərin küncündə baş verən kütləvi qırğından və ölkə vətəndaşlarının dəhşət dolu qaranlıq otaqlarında baş verən səssiz ölüm hallarından danışmaq istəyirəm.
Qəribə haldır ki, İran rejimi sizin ölkəyə səfərinizə razılıq verdiyi bir halda Avropa İttifaqında istehsal olunan vaksinləri qəbul etmir, onların ölkəyə idxalına qadağa qoyur. Bu isə aydın məsələdir. Çünki birincisi hakimiyyətin ömrünün uzadılması üçündür, ikincisi isə xalqın yaşamını davam etdirməsi üçün.
Mən, insan hüquqları üzrə fəaliyyət göstərən bir şəxs kimi bildiririrəm ki, mən İran rejiminin və sizin indiki hakimiyyətinin ömrünün uzadılması, xalqın isə səssiz-səmirsiz kütləvi şəkildə məhv olması üçün hesablanmış bu hərəkətini qəbul etmir, buna öz etirazımı bildirirəm.
Bu günü mən və İran vətəndaşları həmişə yadda saxlayacaq və onu heç vaxt unutmayacaq. Siz də bunu yaxşıca yadınızda saxlayın”, -deyə İranda məşhur zəncanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Avropa Birliyinin xarici siyasət qurumu rəhbərinin siyasi məsələlər üzrə müavini Enrike Moraya yazdığı məktubunda bildirib.
Xatırladaq ki, bundan əvvəl İsrail hökuməti və Avropa ölkələrindəki bir neçə partiya rəsmiləri Enrike Moranın İbrahim Rəisinin andiçmə mərasiminə qatılmaq üçün Tehrana səfəri ilə bağlı qərarına kəskin etiraz bildirmişdilər.
Qeyd edək ki, ibtidai məktəbin 6-cı sinifinə qədər təhsil almış İbrahim Rəisi 1988-ci ildə islam respublikasının qurucusu axund Ruhullah Xomeyninin birbaşa göstərişi ilə yaradılan “Ölüm heyəti”nin (Ölüm komitəsi-nin) başçısı olaraq zindanlarda öz siyasi mövqe və əqidəsindən dönməyən minlərlə siyasi məhbusa ölüm hökmü çıxaran məşhur cəllad başçısıdır.
Zəif nitqinə görə tez-tez sosial şəbəkə istifadəçiləri tərəfindən lağa qoyulan, bir sıra adi və alınma xarici sözləri belə ifadə etməkdə çətinlik çəkən İbrahim Rəisi İrandakı son prezident seçkiləri xalq tərəfindən kütləvi şəkildə baykot edilsə də, İranın “dini lider”i axund Əli Xamneyinin əvvəlcədən göstərişi və tapşırığı ilə saxtakarlıq yolu ilə prezident postuna gətirilib.
KONKRET.az
