Tanınmış idmançı ana oldubackend

Tanınmış idmançı ana oldu 

Kamandan oxatma üzrə Azərbaycan çempionu Yaylagül Ramazanova oktyabrın 1-də övladını dünyaya gətirərək ana olub.

KONKRET.az xəbər verir ki, bununla bağlı Azərbaycan Kamandan Oxatma Federasiyası idmançıya təbrik ünvanlayıb. Təbrikdə deyilir:

“Yaylagül Ramazanova son illər ərzində oxatma idman növündə qazandırdığı nailiyyətlər və nümayiş etdirdiyi peşəkarlıqla nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük rəğbət qazanmış idmançıdır. Təkcə “Paris-2024”də olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı oxatan kimi çətin fiziki durumuna rəğmən əzmlə mübarizə aparması bütün dünyanın diqqətini cəlb edərək, beynəlxalq aləmdə ona böyük nüfuz qazandırdı.

23-25 avqust tarixlərində Bakıda keçirilən Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatında da o, ən yüksək nəticə göstərərək, qızıl medala yiyələnməklə oxatmada qadınlar arasında liderliyini bir daha nümayiş etdirməyə müvəffəq oldu.

Güclü iradəsi, əzmi və bacarığı ilə yeni nəsil idmançılara əsl nümunə olan Ramazanovanın gələcəkdə oxatmada daha böyük nailiyyətlərə imza atacağına ümidimiz sonsuzdur.

İdmançımızı ana olmaq şərəfinə nail olması münasibətilə Azərbaycan Kamandan Oxatma Federasiyasının kollektivi adından səmimi qəlbdən təbrik edir, şəxsi həyatında və idman karyerasında bol müvəffəqiyyətlər arzulayırıq”.

Xatırladaq ki, idman karyerası dövründə bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışların mükafatçısı olan Y.Ramazanova 2015-ci ilin iyun ayında I Avropa Oyunlarında mübarizə aparıb. Ölkəmizi 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa çempionatlarında təmsil edib. Müxtəlif illərdə bir neçə dəfə Azərbaycanda keçirilən ölkə çempionatlarının qızıl medalını qazanıb. Y.Ramazanova kamandan oxatma növündə olimpiadaya lisenziya əldə edən ilk azərbaycanlı kimi adını idman tariximizə yazdıra bilib.

Rəsmiyyə Şərifova, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*