Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İmran Qafarzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Neftçala Rayon Məhkəməsinin qərarı ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İmran Qafarzadə barəsində həbs qətimkan tədbiri seçilsib və o, məhkəmə iclas zalından dərhal həbs olunub.
İş materiallarına görə, hadisə 2025-ci ildə, saat 23:00 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən yaşayış binasının həyətində baş verib.
Belə ki, zərərçəkmiş Habil Əlişov (adı, soyadı şərtidir) həmin vaxt avtomobilinin vurularaq hadisə yerindən uzaqlaşılması ilə bağlı iradını təqsirləndirilən şəxsə bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Sonra İmran Qafarzadə Habil Əlişovu söyüb və təhqir edib, nalayiq ifadələr işlədərək səs-küy salıb. Arınca yumruqla onun ənsə nahiyəsinə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin başının ənsə nahiyəsində qançır və şişkinlik, dərialtı hematoma, qapalı kəllə-beyin travması və beyin silkələnməsi ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər aldığı qeyd olunub.
Bununla da kifayətlənməyən təqsirləndirilən şəxs öz avtomobilində saxladığı taxta parçasını götürərək onu silah qismində istifadə edib.
İmran Habilə məxsus avtomobilin ön alın şüşəsinə, kapotuna və sağ ön qapısına bir neçə dəfə zərbə endirib. Hadisə nəticəsində maşına 992 manat məbləğində ziyan dəydiyi göstərilib.
İlkin ittihama əsasən, təqsirləndirilən şəxsin hərəkətləri cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud şəkildə pozan və zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib. Bu səbəbdən ona Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilib.
Neftçala Rayon Məhkəməsi işə baxarkən İmran Qafarzadənin əməlini verilmiş ilkin ittihamdan fərqli olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edib. Beləliklə, məhkəmə hadisədə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması ilə bağlı əməlinin Cinayət Məcəlləsinin 128-ci maddəsinə uyğun olduğunu müəyyən edib.
Məhkəmə həmçinin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiqi üçün əsasların olduğunu nəzərə alıb. Qərarın müvafiq müddəasına əsasən, İmran Qafarzadə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət üzrə cinayət məsuliyyətindən azad edilib.
Məhkəmənin yekun qərarı ilə yanaşı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinə də Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilməsi qərara alınıb.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya şikayəti verib.
