Hərbi logistika tarixindən: İspaniya öz ordusunu Hollandiyaya necə çatdırmışdı?backend

Hərbi logistika tarixindən: İspaniya öz ordusunu Hollandiyaya necə çatdırmışdı?

Niderland Habsburqlar imperiyasının tacındakı ən qiymətli almazlardan biri idi. Bu ərazilər İspaniya tacına böyük gəlirlər gətirirdi. Məhz buna görə ispanlar üsyankar Niderland əyalətləri ilə 80 il – 1568–1648-ci illərdə müharibə apardılar.

İlk baxışdan elə görünə bilərdi ki, əfsanəvi ispan piyadaları hansısa “yoxsul” geuzları asanlıqla məğlub etməli idi. Lakin qarşıda çox ciddi bir problem vardı: İspaniyadan əsgərləri Niderlanda necə çatdırmaq?

Məntiqlə, ordunu İspaniyanın şimalında gəmilərə mindirib dəniz yolu ilə birbaşa Niderlanda aparmaq olardı. Lakin bunun üçün Biskay körfəzindən və ingilislərin nəzarət etdiyi La-Manş boğazından keçmək lazım gəlirdi. 1588-ci ildə İspan “Məğlubedilməz Armadası”nın məğlubiyyətini xatırlamaq kifayətdir. Üstəlik, Fransa da hollandlara dəstək verirdi.

Buna görə ispanlar İtaliyadakı mülklərindən hərbi dayaq məntəqəsi kimi istifadə etməyə başladılar. Əsgərlər dəniz yolu ilə Şimali İtaliyaya – Genuyaya gətirilir, daha sonra ispan tacının və ya müttəfiqlərinin təhlükəsiz keçidi təmin edə bildiyi ərazilərdən quru yolu ilə şimala göndərilirdi.

Marşrut Milandan başlayır və təxminən 1100 kilometr məsafə qət edərək Brüsselə çatırdı. Yol Savoyya, Franş-Konte, Lotaringiya, Lüksemburq, Lyej yepiskopluğu və nəhayət Brüsseldən keçirdi.

Bu yol adətən altı-səkkiz həftə çəkirdi. Marşrutu ilk dəfə 1567-ci ildə hersoq Alba təxminən 10 min nəfərlik ordu ilə keçmişdi.

Üstəlik, ordu Alp dağlarını da aşmalı idi. Minlərlə əsgərin hər gün ərzaq, ayaqqabı, geyim, döyüş sursatı və tibbi yardıma ehtiyacı vardı. Yolun vəziyyəti, hava şəraiti, çaylardan keçid, qoşunların yerləşdirilməsi və yerli əhali ilə münasibətlər nəzərə alınmalı idi. Üsyankar Niderlandda talançılıq müəyyən mənada mümkün olsa da, İspaniyanın müttəfiqlərinin ərazilərində belə davranmaq olmazdı.

Avropadakı siyasi vəziyyət dəyişdikcə marşrut da daim dəyişirdi. Məsələn, Savoyya Fransa ilə yaxınlaşdıqdan sonra onun ərazisindən keçən yol çətinləşdi. İspanlar alternativ yollar axtarmağa məcbur oldular. Qoşunlar İsveçrə vadilərindən, Valtellinadan, Tirol və Cənubi Almaniya torpaqlarından keçirilməyə başladı.

İsveçrə kantonları isə İspaniya qoşunlarının ərazidən keçməsinə yalnız ciddi şərtlərlə icazə verirdilər: əsgərlər kiçik qruplarla hərəkət etməli, silahlar isə ayrıca daşınmalı idi. Bu da böyük ordunun köçürülməsini daha da çətinləşdirirdi.

İspan dilində bu gün də “poner una pica en Flandes” – “Flandriyada nizə qoymaq” ifadəsi işlədilir. Bu deyim son dərəcə çətin və bahalı bir işi görmək mənasını verir.

Bir neçə onillik ərzində İspaniya bu uzaq və son dərəcə bahalı marşrutla Niderlanda 120 mindən çox əsgər göndərdi. Avropanın ən güclü piyadalarına sahib olmaq kifayət etmirdi – həmin ordunu döyüş meydanına çatdırmaq da böyük xərc tələb edirdi. Üstəlik, əsgərlər Niderlanda birdən-birə deyil, kiçik dəstələr halında çatırdılar.

Bundan sonra isə ordunu onilliklər boyu saxlamaq lazım gəlirdi. Məsələn, 1568-ci ildə Flandriyadakı ordunun saxlanması ildə təxminən 1,87 milyon florinə başa gəlirdi.

Kastiliyadan gələn vəsait isə ildə cəmi 300 min florin civarında idi. Aradakı böyük fərq digər gəlirlər, kreditlər və yerli resurslar hesabına bağlanırdı.

Əsgərlər maaş tələb edirdi. Təchizatçılar pul gözləyirdi. Bankirlər kreditlərin qaytarılmasını istəyirdi. Ancaq hərbi kampaniyalar tez nəticə vermirdi.

Çünki bu dövrdə müharibə sənətində ciddi dəyişiklik baş vermişdi. Yeni tipli bastion qalalar meydana çıxmışdı və bu istehkamlar müharibəni xeyli ləngidirdi. Şəhərlərin mühasirəsi aylarla davam edirdi. Nəticədə çox vaxt qalib daha güclü ordusu olan deyil, mühasirədəki ordunu daha uzun müddət ərzaq və maliyyə ilə təmin edə bilən tərəf olurdu.

İspanların isə pulu daim çatışmırdı. Əsgərlərin maaşları davamlı olaraq gecikirdi. Onlar tacirlərdən borc alır, silahlarını satır, hətta aclıq çəkirdilər.

Maaşların gecikməsi səbəbindən İspaniyanın Flandriya ordusunda 1572–1607-ci illər arasında 45 qiyam baş verdi. Qiyamçılar özlərinə rəhbərlər seçir, artıq ələ keçirilmiş şəhərləri tutaraq oradan maaşlarının ödənilməsi ilə bağlı danışıqlar aparır və ətraf ərazilərdən “təzminat” toplayırdılar.

Niderlandla Səksənillik müharibə dövründə İspaniya tacı ödənişlərin dayandırıldığını altı dəfə – 1575, 1596, 1602, 1627, 1647 və 1652-ci illərdə elan etdi.

Yəni bir müharibə ərzində altı dəfə dövlət öhdəliklərini yerinə yetirməkdə çətinlik yaşandı.

Niderlandlıların əsas üstünlüklərindən biri də məhz bu idi: müharibəni davam etdirərək İspaniyanın nəhəng hərbi və maliyyə yükünü daşımasına məcbur etmək.

Bəzən müharibənin taleyini təkcə döyüş meydanında əsgərlərin sayı və silahların gücü deyil, ordunu həmin meydana çatdırmaq və illərlə orada saxlamaq qabiliyyəti müəyyən edir.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*