Dünən Azərbaycanın Qarabağ bölgəsində önəmli hadisələr yaşandı. İnanılmazdır, amma Vətən müharibəsinin başa çatmasından cəmi 9 ay sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzulidə tezliklə təhvil verilməyə hazırlanan Beynəlxalq hava limanındakı işlərin gedişi, 92 kilometri artıq asfaltlanmış Zəfər yolunda son tamamlanma işləri ilə tanış oldular, mədəniyyət paytaxtımız Şuşada bir sıra tarixi-mədəni abidələrin açılışını etdilər və qədim şəhərimizin inkişafına səbəb olacaq bir sıra layihələrin təməlini qoydular.
Şuşada Heydər Əliyev Fondunun dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı zamanı Prezident İlham Əliyevin xalqımızı riqqətə gətirən hərəkəti gözdən qaçmadı. Məqbərəsi erməni faşistlərinin vandal hərəkətlərinə məruz qalmış dahi şairin yenidən bərpa olunmuş məzar daşına əllərini qoyan dövlət başçımızın Vaqifin büstünə baxaraq təsirləndiyi hiss olundu. Sanki o, “biz səni də qaytardıq” demək istəyirdi.

Bu yerdə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun muzey-məqbərə kompleksinin bərpası ilə əlaqədar həyata keçirdiyi təmir və yenidənqurma işləri misilsizdir. Vaxtilə – 1982-ci il yanvarın 14-də – görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan məqbərənin təntənəli şəkildə açılışı keçirilmişdi. Milli adət və ənənələrimizə, ata nəsihətinə sadiqliyini çoxdan sübut etmiş İlham Əliyev də məhz Qarabadakı parlaq Qələbəmizdən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə, yanvarın 14-də, Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edərkən təmir-bərpa və yenidənqurma işlərinin başlanılmasına göstəriş verdi. İndi məqbərə milli memarlığımızın ornamentlərinə uyğun və əzəmətli şəkildə bərpa edilərək xalqımıza təhvil verildi.
Şuşa şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin yenidən əvvəlki yerində ucaldılması şəhərin mədəni həyatında baş verən önəmli hadisələrdən biridir. Heydər Əliyev Fondunun dəstəyilə 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada ucaldılmış heykəlinin arxivdə saxlanılan fotolar əsasında yenidən yaradılması həm peşəkar musiqi sənətimizin banisinin əziz xatirəsinə, həm də milli-mənəvi dəyərlərimizə dərin hörmətin təzahürüdür.

Peşəkar vokal məktəbimizin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin yenidən açılması da erməni vandallarına verilmiş əsl cavabdır. Şuşada bu ev-muzeyi ziyarət edəcək hər kəs əbədi olaraq Bülbülün yeni büstü ilə yanaşı erməni vəhşiliyinə məruz qalmış büstünü də görəcək. Belə addım erməni vandalizmini nümayiş etdirmək məqsədilə atılıb.
Şuşada isə turistləri qarşılamaq üçün daha bir otelin açılışı olub. Yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin balkonlarından şəhərə açılan mənzərə möhtəşəmdir.
Sevindirici haldır ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərin baş planı artıq dövlət başçısına təqdim olunub. Buranın tarixi əzəmətinin qorunmasının prioritet götürüldüyü həmin plana əsasən Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Burada 6 məhəllədən ibarət olacaq yeni yaşayış massivinin salınması nəzərdə tutulur. Və Prezident İlham Əliyev artıq 1-ci məhəllənin təməlqoyma mərasimində iştirak etdi. Təməli qoyulan tikililərdən biri də Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi”dir.
Bundan başqa, Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyi yenidən bərpa olunacaq. Mədəni irsimizə xüsusi qayğı və həssaslıqla yanaşan Heydər Əliyev Fondu tərəfindən ev-muzeydə aparılacaq işlər üzrə layihə hazırlanıb.
Beləliklə, İlham Əliyevin təbirincə desək, Qarabağa səma qapısını açırıq, mədəniyyət paytaxtımıza onun əbədi övladlarının abidələrini, məqbərəsini, ev muzeylərini qaytarırıq. Bu yolda çox ağrılar və acılar çəkdik, dəhşətlərə və vəhşətlərə məruz qaldıq. Amma biz bütün gücümüzlə və qüdrətimizlə doğma torpaqlarımıza qayıdırıq. Şuşa və bütün Qarabağ bölgəsi əvvəlkindən də əsrarəngiz olacaq. Çünki Azərbaycana milliliklə müasirliyin vəhdətini həyata keçirməyi bacaran və incə zövqə malik olan tandem rəhbərlik edir.

Pislik erməni faşistlərinə və onların havadarlarına qaldı…
Xatirə SADİQ,
KONKRET.az
