“Bakı-Tbilisi-Bakı dəmiryolu reysinin açılması karantin rejiminin başa çatması mənası vermir”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Allahverənov deyib.
Onun sözlərinə görə, hər iki ölkə vətəndaşları dəmiryolu reysinin açılması üçün dəfələrlə müraciət edib:
“Dünəndən etibarən, informasiya məkanında Azərbaycan və Gürcüstan arasında sərnişinlər üçün dəmiryolu reyslərinin açılmasına dair xəbərlərlərin yayıldığını görürük. “Azərbaycan Dəmir Yolları” QSC də məsələ ilə bağlı rəsmi açıqlama verib və bildirib ki, hazırda bu məsəslə ilə bağlı müvafiq işlər görülür.
Artıq məlumdur ki, mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı dəmiryol reysləri yenidən bərpa olunacaq. Bundan öncə, istər Azərbaycan, istərsə də Gürcüstan vətəndaşları bu dəmiryolu reysinin açılması istəyində olmuşdu”.
Deputat əlavə edib ki, yaxın gələcəkdə digər qonşu ölkələrlə analoji reyslərin bərpası mümkündür:
“Təbii ki, Bakı-Tbilisi-Bakı reysinin yenidən açılması Azərbaycanda karantin rejiminin bütövlükdə başa çatması mənası vermir. Ara-sıra karantin rejimi ilə bağlı müəyyən yumşaldıcı addımların atıldığını görürük. Doğrudur, məhdudiyyət qalır, amma şərtidir. İstənilən halda, Bakı-Tbilisi-Bakı reysinin açılması olduqca vacib və müsbət addımdır. Bu addım yaxın gələcəkdə digər qonşu ölkələrlə də dəmiryolu nəqliyyatının bərpası üçün yaxşı nümunə ola bilər”.
Təhlükəsizlik məsələləri üzər ekspert, ehtiyatda olan polkovnik Cavanşir Vəliyev isə vurğulayıb ki, vətəndaşların rahatlığı qədər onların təhlükəsizliyi də dövlətin ali məsuliyyətidir:
“Sərhədlərin açılması Azərbaycanın milli təhlükəsizliyi baxımından ciddi risklər daşımaqdadır. Məlum olduğu kimi, mayın 18-də ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyat əmri verməyə razı olub. Lakin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xahişi nəticəsində bu qərar təxirə salınıb. Həmin gərginliyin təsiri dərhal özünü büruzə verib, neftin dünya bazarındakı qiyməti 110 dollar həddini aşıb. Belə bir mürəkkəb geosiyasi mühitdə hökumətimiz bütün mövcud riskləri diqqətlə qiymətləndirərək sərhədlərin açılması məsələsini ehtiyatla həll etməyə çalışır.
Şübhəsiz, bu vəziyyət turizm sahəsində əhəmiyyətli gəlir itkisinə səbəb olur və soydaşlarımız arasında narazılıq doğurur, bu narazılığı anlamaq mümkündür. Bununla belə, unutmaq olmaz ki, ölkənin təhlükəsizliyi hər zaman maddi mülahizələrdən və müvəqqəti narahatçılıqdan üstün tutulmalıdır. Vətəndaşların rahatlığı qədər onların təhlükəsizliyi də dövlətin ali məsuliyyətidir”.
Xatırlatma: Azərbaycanda xüsusi karantin rejimi ilk dəfə 24 mart 2020-ci il tarixində tətbiq edilib. Zamanla yoluxma sayına uyğun olaraq qaydalar yumşaldılsa da, ölkənin quru sərhədlərinin giriş-çıxışa bağlı qalması rejimin ən əsas məhdudiyyəti olaraq qüvvədə saxlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarları ilə dövri olaraq (adətən hər dəfə 2-3 ay müddətinə) uzadılan bu rejim, sonuncu rəsmi qərara əsasən 1 iyul 2026-cı ilədək qüvvədədir.
