Sərhədçilərə səfərbərliyə cəlb ediləcək Rusiya vətəndaşlarının siyahıları göndərilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “The Bell” xəbər bülleteninə aviasiya sənayesindəki dörd mənbədən məlumat verilib.
Bildirilib ki, Moskva da daxil olmaqla hava limanlarındakı sərhəd keçid məntəqələrində səfərbər olunacaq şəxslərin siyahıları qəbul edilib. Onların sözlərinə görə, artıq çağırış yaşında olan kişilər yoxlanılır, bəzilərinə buraxılmır.
“Müəyyən bir vətəndaşın çıxışına qadağa qoyulması haqqında məlumat “MIR” sərhəd nəzarətinin ümumi məlumat sisteminə daxil olur. Məlumat bazası iki saatda bir dəfədən çox yenilənir, hərbi komissarlıqlardan qadağalar hissə-hissə və müxtəlif bölgələrə müxtəlif sürətlə gəlir”, – məlumatda deyilir.
Moskva hava limanlarından birindəki mənbə bildirib ki, son sutka ərzində hərbi yaşda olan 20 kişi sərhəddən buraxılmayıb. Eyni zamanda, söhbət həm hərbi xidmətə cəlb olunanlardan, həm də artıq çağırış və ya səfərbərlik əmri verilmiş şəxslərdən gedir. Qeyd olunur ki, səyahət məhdudiyyətləri təkcə sərnişinlərə deyil, ekipaj üzvlərinə, o cümlədən pilotlara və stüardlara da şamil edilir.
Sankt-Peterburqun Pulkovo Hava Limanı və Roşino Tümen hərbi komissarlıqdan xaricə çıxışı qadağan olunmuş həmin şəxslərin siyahılarını aldıqlarını təsdiqləyiblər.
Xuraman Etibarlı,
KONKRET.az
