Toy evinə dəhşətli hücum: 21 nəfər öldü, 40-dan çox yaralı… – Aralarında uşaqlar da varbackend

Toy evinə dəhşətli hücum: 21 nəfər öldü, 40-dan çox yaralı... – Aralarında uşaqlar da var

Myanmada hərbi aviasiyanın toy mərasiminin keçirilməsinə hazırlıq görülən evə endirdiyi hava zərbəsi faciə ilə nəticələnib. Hücum nəticəsində azı 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Frans Press” Agentliyi (AFP) məlumat yayıb.

Hadisə noyabrın 28-də Şan və Karenni ştatlarının sərhədində yerləşən Moe Bye bölgəsinin kəndlərindən birində baş verib. Həmin ərazidə məcburi köçkünlərin sayı çoxdur.

Şahidlərin sözlərinə görə, zərbə iki məcburi köçkünün nikah mərasiminə hazırlıq gördüyü evə endirilib. Hadisə yerinə ilk çatanlardan biri 17 nəfərin meyitini gördüyünü bildirib.

Yardım təşkilatının rəhbəri isə ölənlərin sayının 21-ə çatdığını, onların arasında beş uşağın olduğunu təsdiqləyib. Bundan başqa, 40-dan çox insan yaralanıb. Xilasetmə işlərinin çoxsaylı itkilər və nəqliyyat çatışmazlığı səbəbindən çətinləşdiyi bildirilir.

Şahidlərin çəkdiyi videolarda qan içində olan yaralıların avtomobillərlə hadisə yerindən aparıldığı görünür. Yaralıların əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd edilir. Zərərçəkənlər arasında valideynlərini axtaran uşaqların da olduğu bildirilir.

Qeyd edək ki, Myanmada 2021-ci ildə hərbi çevriliş nəticəsində Aun San Su Çjinin seçilmiş hökumətinin devrilməsindən sonra vətəndaş müharibəsi davam edir. Münaqişəni izləyən ACLED təşkilatının məlumatına görə, döyüşlərdə bütün tərəflərdən 100 mindən çox insan həlak olub.

Hərbi qüvvələr Moe Bye şəhərinə nəzarət etsələr də, müxalifət qüvvələri ətraf kəndlərdə fəaliyyət göstərir. Myanma hərbi rəhbərliyindən hadisə ilə bağlı münasibət almaq mümkün olmayıb.

Məlumat AFP-nin şahid ifadələri və xilasetmə təşkilatının açıqlaması əsasında hazırlanıb. Agentlik hadisə yerindən çəkilmiş görüntüləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini də bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*