Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində görüşə biləcəkləri açıqlanıb.
KONKRET.az xəbər verir ki, Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, hər iki prezident sammitdə iştirak edərsə, onların görüşməsi və danışıqlar aparması qaçılmaz olacaq.
“Sammitə qədər hələ çox vaxt var. Əgər liderlər eyni tədbirdə olacaqlarsa, məncə, onlar qaçılmaz olaraq görüşəcək və danışıqlar aparacaqlar”, – Uşakov deyib.
Bununla belə, Kremlin nümayəndəsi qeyd edib ki, hazırda ABŞ tərəfdən belə bir görüşlə bağlı hər hansı siqnal daxil olmayıb.
APEC sammiti bu il noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Rusiya tərəfi Putinin sammitdə iştirakını planlaşdırdığını daha əvvəl açıqlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
