Trampdan İranla bağlı SENSASİON ANONSbackend

Trampdan İranla bağlı SENSASİON ANONS

ABŞ Prezidenti Donald Trampın “Axios” nəşrinə verdiyi son müsahibə Yaxın Şərqdə onilliklərdir davam edən gərginliyin tamamilə yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Ağ Ev rəhbəri İranla “böyük sövdələşmə”nin artıq bir neçə günlük məsafədə olduğunu bəyan edərək beynəlxalq birliyi təəccübləndirib.

KONKRET.az xəbər verir ki, “Axios”un müxbiri Barak Ravidə danışan Donald Tramp rəsmi Tehranın görüşmək və sövdələşmə bağlamaq üçün can atdığını bildirib. Prezidentin sözlərinə görə, tarixi görüş həftə sonu baş tuta bilər: “İranlılar görüşmək istəyirlər. Onlar sövdələşmə bağlamaq istəyirlər. Hesab edirəm ki, görüş böyük ehtimalla həftə sonu reallaşacaq. Güman edirəm ki, biz yaxın bir-iki gün ərzində saziş əldə edəcəyik”. Tramp əlavə edib ki, bu sənəd təkcə ABŞ üçün deyil, həm də İsrailin təhlükəsizliyini təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edəcək və Təl-Əvivin xeyrinə olacaq.

Eyni zamanda, Tramp İsrailin Livana qarşı apardığı hərbi əməliyyatlarla bağlı sərt xəbərdarlığını bir daha təkrarlayıb. O, İsrailin binaları partlatmağa son qoymalı olduğunu və buna icazə verməyəcəyini qətiyyətlə vurğulayıb: “İsrail dayanmalıdır. Onlar binaları partlatmağa davam edə bilməzlər. Mən buna imkan verməyəcəyəm”. Analitiklər Trampın bu bəyanatlarını İranla imzalanacaq sazişin bir hissəsi kimi qiymətləndirirlər. Belə görünür ki, Vaşinqton Tehranı masaya oturtmaq üçün İsrailin hərbi fəaliyyətlərini cilovlamaq öhdəliyi götürüb. Əgər bu saziş həqiqətən də yaxın 48 saat ərzində reallaşarsa, bu, bölgədəki hərbi blokadanın və gərginliyin diplomatik yolla həllində inqilabi bir addım olacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*