Xəbər verdiyimiz kimi, Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. Məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. CNN ümumilikdə çox mübahisəli və hətta ABŞ Prezidenti Donald Trampın belə “feyk nyus ünvanı” adlandırdığı bir media qurumudur.
CNN-nin Bakını hədəfə alması hansı dairələrin maraq və tapşırıqları əsasında həyata keçirilir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, CNN və bu qəbildən olan bəzi media qurumları Azərbaycana qarşı əsassız, heç bir reallığa söykənməyən ittihamlar irəli sürürlər:
“Bəzi media qurumları real, səhih və mötəbər məlumatların yayılması, insanların informasiya ilə təmin olunması və cəmiyyətin məlumatlandırılması fəaliyyəti ilə məşğul olurlar. Lakin bir sıra media qurumları, o cümlədən CNN kimi media platformaları sanki ittiham və şantaj xarakterli fəaliyyət ortaya qoyurlar.
Onların gündəlik yaydığı xəbərlərə diqqət yetirdikdə görürük ki, digər media platformalarından fərqlənməyə çalışırlar. Lakin təqdim etdikləri fərqli məlumatların dəqiqliyi və səhihliyi çox zaman şübhə doğurur.
Bu, daha geniş çərçivədə müəyyən qrupların və qüvvələrin maraqlarına xidmət edən fəaliyyətdir. Bu fəaliyyətin hədəfində olan dövlətlərdən biri də müstəqil siyasət yürüdən Azərbaycandır. Azərbaycan dövlətinin atdığı addımlarla bağlı onlar həmişə fərqli mənzərə və görüntü yaratmağa çalışıblar”.
Ekspert qeyd edib ki, belə media qurumlarının fəaliyyətinin şəffaflığına, media prinsiplərinə zidd hərəkətlərinə və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsinə hüquqi qiymət verilməsi tamamilə qanunauyğundur:
“Burada hansı formada hüquqi mühakimənin tətbiq olunmasından asılı olmayaraq, media mənsublarına və media platformalarına yaraşmayan, onların peşə prinsipləri ilə üst-üstə düşməyən fəaliyyətə qarşı belə bir iddianın qaldırılması, məncə, təbiidir və qanuna uyğundur.
Bütün dünyada medianın fəaliyyət istiqamətləri, prinsipləri və informasiya yayma qaydaları müəyyən olunub. Ona görə də bizim tərəfimizdən qaldırılan bu məsələni haqlı iddia hesab edirəm.
Anti-Azərbaycan mövqeyi ilə seçilən bu media platformasının hansı qüvvələrə xidmət etməsindən asılı olmayaraq, xoşniyyətli fəaliyyət ortaya qoymadıqları görünür. Kimlərinsə maraqlarına xidmət edərək Azərbaycanın atdığı addımları kölgə altına salmaq və hər addımımıza qarşı əsassız ittihamlar irəli sürmək niyyəti daşıyırlar.
Hesab edirəm ki, bu, bir presedent yaradacaq. Azərbaycanın qaldırdığı bu iddia, düşünürəm ki, bir sıra dövlətlərin, hətta bəzi dövlətlərin ürəyindən olacaq. Çünki Azərbaycan hər zaman belə addımları ilə fərqlənməyə çalışıb: ölkəmizə qarşı fəaliyyət göstərən istənilən dövlətə, media platformasına və ya hər hansı instituta qarşı öz mövqeyini ortaya qoyub.
Ona görə də bu məsələdə bizim tənqidi mövqeyimiz əslində onların xeyrinədir. Azərbaycan müstəqil siyasət yürüdür və media qurumlarının şantaj xarakterli fəaliyyətindən təəssüf edir”.
