Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanın qətlinə görə təxminən 40 il ABŞ həbsxanasında saxlanılan erməni terrorçu Hampiq Sasunyan 63 yaşında ilk dəfə ata olub.
KONKRET.az xəbər verir ki, onun əkiz övladları dünyaya gəlib. Uşaqlara məhv olmuş qondarma rejimlə bağlı olan “Artsax” və “Şuşi” adları verilib. Məlumat sentyabrın 27-də Ermənistan mediasında yayılıb.
Sasunyanın keçmişi isə Türkiyə diplomatlarına qarşı erməni terrorunun ən çox müzakirə edilən hadisələrindən biri ilə bağlıdır.
1963-cü ildə Beyrutda doğulan Hampiq Sasunyan 1982-ci il yanvarın 28-də, 19 yaşında olarkən Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanın öldürülməsində iştirak edib. Arıkan səhər işə gedərkən Los-Ancelesin Vestvud rayonunda avtomobili işıqforun qırmızı işığında dayandığı zaman iki silahlı şəxs ona yaxınlaşaraq atəş açıb. Türkiyəli diplomat hadisə yerində öldürülüb.
Hücumun məsuliyyətini “Erməni Soyqırımı Ədalət Komandoları” – JCAG öz üzərinə götürüb. ABŞ Federal Təhqiqatlar Bürosunun tarixi materiallarında JCAG erməni terror təşkilatı kimi göstərilir və Sasunyan Kemal Arıkanın qətlini törədən şəxslərdən biri kimi qeyd olunur. Həmin dövrdə Türkiyə diplomatlarına qarşı terror kampaniyasında ASALA və JCAG kimi erməni silahlı təşkilatları fəal olub.
1984-cü ildə ABŞ məhkəməsi Sasunyanı birinci dərəcəli qətldə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə onun türk diplomatını milli mənsubiyyətinə görə hədəf seçdiyi qənaətinə gəlmişdi.
2002-ci ildə Sasunyan məhkəmədə Kemal Arıkanın qətlində iştirak etdiyini rəsmən etiraf edib. O, siyasi məqsədlərə çatmaq üçün diplomatların öldürülməsi kimi terror üsullarından imtina etdiyini və Arıkan ailəsinin çəkdiyi əziyyətə görə təəssüfləndiyini bildirib. Bundan sonra onun gələcəkdə şərti azadlığa buraxılması üçün hüquqi imkan yaranıb.
ASALA və digər erməni terror təşkilatları 1970–1980-ci illərdə Türkiyə diplomatlarını və türk obyektlərini hədəfə alan çoxsaylı silahlı hücumlar həyata keçiriblər. Sasunyanın törətdiyi Kemal Arıkan qətli də həmin dövrdə türk diplomatlarına qarşı həyata keçirilən terror kampaniyasının ən məşhur hadisələrindən biri olub.
Uzun illər davam edən hüquqi proseslərdən sonra Sasunyanın şərti azadlığa buraxılmasına razılıq verilib. O, 2021-ci ildə təxminən 40 illik həbsdən sonra azadlığa çıxıb və həmin ilin oktyabrında Ermənistana gedib.
Sasunyan 2012-ci ildə həbsdə olarkən Ermənistanın “Hay Zinvor” hərbi nəşrinə müsahibə verib, özünü “əsgər” adlandırıb və Qarabağ ərazilərində erməni silahlılarına xidmət etməyə hazır olduğunu ifadə edib.
İndi isə 63 yaşlı Sasunyanın əkiz uşaqları dünyaya gəlib və onlara “Artsax” və “Şuşi” adlarının verilməsi Ermənistan mediasında xüsusi vurğulanıb.\\musavat.com
