Türkiyə brendləri Rusiya bazarını tərk edirbackend

Türkiyə brendləri Rusiya bazarını tərk edir

2022-ci ildən sonra Rusiya bazarına daxil olan bir sıra Türkiyə brendləri ölkədəki fəaliyyətlərini azaldır və ya mağazalarını tamamilə bağlayır.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, söhbət ən azı 10 Türkiyə brendindən gedir.

Hazırda “Madame Coco”, “Chakra”, “NetWork”, “OXXO”, “Beymen Club”, “Karaca Home” və “Les Benjamins” şirkətləri Rusiyadakı mağazalarını bağlamaq və ya ümumiyyətlə bazardan çıxmaq prosesindədir. “Mudo”, “İpekyol” və “Twist” brendləri isə artıq Rusiyadakı fəaliyyətlərini dayandırıblar. Son ikisi bazarda təxminən bir il fəaliyyət göstərib.

Bir sıra Qərb şirkətlərinin Rusiya bazarından çıxmasından sonra Türkiyənin bir çox pərakəndə şirkətləri Rusiya bazarına bizneslərini genişləndirmək üçün imkan kimi baxırdı. 2022-ci ildə Rusiyada 32 Türkiyə brendi fəaliyyət göstərirdi və onlar ümumilikdə 655 mağazanı idarə edirdilər.

Ekspertlər Türkiyə şirkətlərinin Rusiya bazarındakı fəaliyyətlərini azaltmasının əsas səbəbləri sırasında icarə və maliyyə xərclərinin artmasını, alıcı axınının azalmasını, marketpleyslərin və daha münasib qiymətə Çin istehsalı olan malların rəqabətinin güclənməsini, eləcə də bir sıra yeni brendlərin kifayət qədər tanınmamasını göstərirlər.

2026-cı ilin birinci yarısında Rusiyanın ticarət mərkəzlərinə ziyarətlərin sayı 2 faiz, geyim və ayaqqabı mağazalarındakı alıcıların sayı isə 5 faiz azalıb. Bununla yanaşı, Türkiyə brendlərinin bir qismini idarə edən “Marka Rus” şirkətinin 2025-ci ilin yekunlarına görə xalis zərəri 22 faiz artaraq 8,5 milyon dollara çatıb.

Bununla belə, Rusiya bazarında uzun müddətdir fəaliyyət göstərən, xüsusilə “LC Waikiki”, “Koton” və “Colin’s” kimi Türkiyə brendləri fəaliyyətlərini davam etdirir və bazarda möhkəm mövqelərini qoruyurlar.

Analitiklərin proqnozlarına görə, ticarət sahələrinin optimallaşdırılması prosesi davam edəcək. 2026-cı ilin sonunadək Moskvanın ticarət mərkəzlərində boş sahələrin payı 8 faizə qədər arta bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*