Taksilərlə bağlı yeni vergi necə tətbiq ediləcək?backend

Taksilərlə bağlı yeni vergi necə tətbiq ediləcək?

Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.

Nicat İmanov qeyd edib ki, vergi nəzarətinin gücləndirilməsi bloku üzrə dəyişikliklərə əsasən, taksi xidmətləri sahəsində vergi inzibatçılığının dəyişdirilməsi nəzərdə tutulur.

O bildirib ki, hazırda taksi fəaliyyəti fərqlənmə nişanının alınması vasitəsilə həyata keçirilir və qazancın az və ya çox olmasından asılı olmayaraq, sabit şəkildə 18 manat məbləğində vergi ödənilir: “Hazırkı təklif isə daha balanslı, gəlir əsaslı vergi modelinin tətbiqini nəzərdə tutur. Belə ki, operatorlar tərəfindən ödəmə mənbəyində verginin tutulması ilə taksi fəaliyyəti göstərən şəxslərin inzibatçılıq yükü aradan qaldırılacaq. Eyni zamanda, onların dövriyyəsindən, yəni onlara çatacaq məbləğdən 1% həcmində vergi tutulacaq. Beləliklə, az dövriyyəsi olan taksi sürücüsü daha az, yüksək dövriyyəsi olan şəxs isə 1% prinsipi əsasında daha çox vergi ödəmiş olacaq. Ümumilikdə, apardığımız təhlillərə əsasən, orta məbləğ 18-20 manat ətrafında görünür. Burada həmin məbləğdən daha az qazanc əldə edən bir sıra vergi ödəyiciləri də var. Düşünürük ki, bu dəyişiklikdən daha az qazanc əldə edən vergi ödəyiciləri faydalanacaqlar”.

Qeyd edək ki, layihəyə əsasən, taksi sifarişi operatorları vasitəsilə ölkə ərazisində taksi ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə operatorlar tərəfindən ödənilən gəlirlərdən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin hesablanması təklif olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*