Neft Akademiyasında törədilən qətlin üstü açıldıbackend

Neft Akademiyasında törədilən qətlin üstü açıldı

Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının mühafizəçisi Məhəmmədəli Məhərrəmovun 24 il əvvəl qətlə yetirilməsi ilə bağlı bir nəfər həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumata görə, 2002-ci il oktyabrın 7-də Məhəmmədəli Məhərrəmov akademiyanın inzibati binasının həyətində kəsici-deşici alətlə öldürülüb. İnzibati binadan müxtəlif əşyalar da oğurlanıb. Hər iki fakt üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə icraat təzələnib.

Birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti 1979-cu il təvəllüdlü Vüqar Cahangirovun törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, 1997-ci ildə həmin ali məktəbdən xaric edilib və əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunub.

Vüqar Cahangirov noyabrın 4-də şübhəli şəxs qismində tutulub. Noyabrın 6-da ona Cinayət Məcəlləsinin zərərçəkmişi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar, tamah məqsədilə və başqa cinayəti gizlətmək məqsədilə qəsdən öldürmə, eləcə də digər maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Azərbaycan Dövlət Neft Akademiyası hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adı ilə fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*