“Türkiyə üçün daha vacib dəhlizdir, Ermənistanla münasibətlərin tənzimlənməsi yox”backend

Türkiyə üçün daha vacib dəhlizdir, Ermənistanla münasibətlərin tənzimlənməsi yox”

“Türkiyə Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra da Ermənistanla münasibətlərin tam tənzimlənməsinə hazır olmayacaq”.

KONKRET.az xəbər verir ki, bu fikri türkoloq, Ermənistan Milli Elmlər Akademiyasının akademiki Ruben Safrastyan Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında aparılan danışıqların nəticələrini şərh edərkən deyib.

Çərşənbə axşamı, iyulun 30-da Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında görüş keçirilib, görüşdə iki ölkə arasında dəmiryol xəttinin işə salınması imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Safrastyan qeyd edib ki, hazırkı müzakirələr dəmir yolu əlaqəsinin bərpası ilə bağlı fundamental qərara deyil, sırf texniki aspektlərə aiddir. Bu onu göstərir ki, hazırda Türkiyənin əsas marağı siyasi və geosiyasi problemlərin həllindən çox texniki və sənədli məsələlərə yönəlib.

Safrastyanın sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini Ermənistan-Azərbaycan danışıqları ilə əlaqələndirsə də, Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Türkiyənin Ermənistanla münasibətlərin tam tənzimlənməsinə hazır olacağına heç bir təminat yoxdur. Rəsmi Ankaranın başqa prioritetləri də var, xüsusən o, Türkiyə üçün Ermənistan-Türkiyə münasibətlərinin özündən daha vacib olan Zəngəzur dəhlizini açmağa çalışır.

“Bu baxımdan Türkiyə Ermənistana təzyiq siyasətini davam etdirir, lakin bu siyasətin məzmunu dəyişib. İndi Türkiyə Qarabağda son müharibədən sonra yaranmış yeni geosiyasi vəziyyəti möhkəmləndirməyə çalışır”, – Safrastyan bildirib.

Safrastyanın fikrincə, Ermənistan Türkiyənin xarici siyasətində ikinci yeri tutur, burada əsas məsələlər ümumi regional problemlərə və Ankara üçün əsas məsələlərdə Ermənistandan güzəştlərin alınmasına aiddir.

Türkiyənin Ermənistanla münasibətlərə yüksək maraq göstərməməsi Türkiyə mediasının bu mövzuda müzakirələrində də özünü büruzə verir. “Bu görüşdən sonra Türkiyə mətbuatında hələ ki, ciddi şərh yoxdur. Bu onu göstərir ki, Ermənistan-Türkiyə münasibətləri məsələsi hazırda Türkiyənin ictimai gündəmində prioritet deyil”, – türkoloq qeyd edib.

Safrastyan əlavə edib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanması Xarici İşlər Nazirliyi və Türkiyə Prezidentinin aparatı səviyyəsində qəbul edilən qərarlardan asılı olacaq. O, Ermənistan-Türkiyə prosesində böyük irəliləyişlər gözləməsə də, bəzi addımların mümkünlüyünə imkan verir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*