Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində diplomatik səylər davam etdiyi bir vaxtda Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün istefası ilə bağlı iddialar yenidən gündəmə gəlib. Bəzi ekspertlər belə bir addımın Moskva ilə danışıqlar prosesinə təsir göstərə biləcəyini iddia etsələr də, digərləri bunun əks nəticələr doğuracağını düşünür.
Bəs Zelenskinin istefası nə dərəcədə realdır və bu addım Rusiya-Ukrayna sülh danışıqlarının başlanmasına həqiqətən təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırkı mərhələdə Zelenskinin istefa verməsi Ukrayna üçün yalnız mənfi nəticələr doğuracaq.

“Ukrayna hazırda fors-major şəraitində fəaliyyət göstərir və ölkədə müharibə davam etdiyi üçün prezidentin dəyişdirilməsi asan məsələ deyil.
Müharibə şəraitində seçki prosesinin təşkili kifayət qədər mürəkkəbdir. Döyüşlərin davam etdiyi bir vaxtda səsvermənin təhlükəsiz və normal şəkildə keçirilməsi ciddi problemlər yarada bilər.”
Politoloq xatırladıb ki, Rusiya uzun müddət Zelenskinin legitimliyini şübhə altına alaraq onun hakimiyyətdən getməsini sülh danışıqlarının əsas şərtlərindən biri kimi irəli sürürdü. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da müəyyən dövrdə Moskvanın bu yanaşmasına daha müsbət münasibət sərgiləyirdi.
Lakin Elçin Xalidbəyli qeyd edib ki, son aylarda vəziyyət dəyişib:
“Hazırda ABŞ və kollektiv Qərb Zelenskinin dəyişdirilməsi məsələsində əvvəlki kimi israrçı mövqe nümayiş etdirmirlər. Onlar hesab edirlər ki, müharibənin sonunadək Zelenskinin prezident vəzifəsində qalması nə Ukrayna üçün, nə də sülh danışıqları baxımından ciddi maneə yaratmır. Əksinə, son dövrlərdə həm ABŞ-dan, həm də kollektiv Qərbdən Zelenskiyə verilən siyasi dəstək nisbətən artıb.”
Politoloqun fikrincə, bütün bu amillər Zelenskinin istefası ehtimalını xeyli zəiflədir:
“Hazırkı mərhələdə Zelenskinin istefa verməsi real görünmür. O, hazırda hökumətin tərkibində dəyişikliklər aparır və yeni mərhələyə yenilənmiş komanda ilə qədəm qoymağa çalışır.”
Ekspert sonda vurğulayıb ki, əgər hər hansı səbəbdən Zelenski istefa verməyə məcbur qalarsa, bu, Ukraynanın Rusiya ilə aparılacaq mümkün sülh danışıqlarında mövqeyini zəiflədə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
