Azərbaycanda hər il minlərlə gəncin ali məktəblərə qəbul olması sevindirici hal kimi qiymətləndirilsə də, onların gələcəkdə əmək bazarında öz ixtisasları üzrə işləyib-işləməyəcəyi məsələsi ciddi suallar doğurur. Gənclərin bir qisminin ixtisas seçimində şəxsi maraq və bacarıqlardan daha çox “universitetə qəbul olmaq” düşüncəsini əsas götürməsi sonradan həm işsizlik, həm də ixtisas üzrə çalışmamaq problemini dərinləşdirir.
Bəs gənclər peşə və ixtisas seçimində hansı məqamlara diqqət etməlidirlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, Azərbaycanda təxminən 60 min gəncin universitetlərə qəbul olması sevindirici göstəricidir. Lakin əsas məsələ onların nə qədərinin həqiqətən istədiyi və gələcəkdə çalışmaq niyyətində olduğu ixtisasa qəbul olmasıdır.

Ekspertin sözlərinə görə, gənclərin bir qismi yalnız ali məktəbə qəbul olmaq naminə qarşılarına çıxan ixtisaslardan birini seçir:
“Neçə faiz gənc sadəcə “universitetə qəbul olum” düşüncəsi ilə qarşısına çıxan ixtisaslardan birini seçib? Neçə nəfər dörd il sevmədiyi bir sahəni oxuyacaq, diplom alacaq və sonda həmin ixtisas üzrə bir gün belə işləməyəcək? Təəssüf ki, sabah onların bir qismini mağazada satıcı, restoranda ofisiant və ya universitetdə aldığı təhsillə heç bir əlaqəsi olmayan digər sahələrdə görə bilərik”.
Fuad Hacıyev vurğulayıb ki, burada əsas məsələ satıcı və ya ofisiant kimi işləməyin mənfi olması deyil. Problem gəncin illərini və ailəsinin maddi imkanlarını müəyyən bir ixtisasa sərf etməsinə baxmayaraq, aldığı təhsilin sonradan onun peşəkar fəaliyyətinə çevrilməməsidir.
“İstənilən halal əmək hörmətə layiqdir. Problem odur ki, insan dörd ilini və ailəsinin ciddi maddi vəsaitini sərf edib müəyyən ixtisas üzrə diplom alır, amma sonda həmin ixtisas ona heç nə qazandırmır”, – deyə ekspert qeyd edib.
Ekspertin fikrincə, cəmiyyətdə uzun illərdir formalaşmış “əsas odur universitetə qəbul olum, ixtisası sonra düşünərəm” yanaşmasına yenidən baxmaq lazımdır. Onun sözlərinə görə, bir çox hallarda ixtisas seçimi universitet seçimindən daha vacibdir.
Fuad Hacıyev fikrini klassik poeziyada səslənən “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan” misraları ilə də izah edib. O bildirib ki, insanın yaxşı bacardığı və sevdiyi bir peşənin peşəkarına çevrilməsi, sevmədiyi və bacarmadığı “prestijli” sahədə yarımçıq mütəxəssis olmasından daha məqsədəuyğundur.
“Gənclərə yalnız “mütləq universitetə daxil ol” mesajı vermək əvəzinə, “özünə uyğun peşəni tap və onun ən yaxşılarından biri ol” yanaşması aşılanmalıdır.
Yaxşı elektrik, mexanik, aşpaz, proqramçı və ya texniki mütəxəssis olmaq, gələcəkdə heç vaxt işləməyəcəyi ixtisas üzrə ali təhsil diplomu əldə etməkdən daha doğru seçimdir. Bu baxımdan, gənclərin peşə seçimi zamanı əmək bazarının real tələblərini, şəxsi bacarıqlarını və həmin sahəyə maraqlarını nəzərə almaları vacibdir”.
Beləliklə, gənclərin işsizlik probleminin həlli yalnız yeni iş yerlərinin yaradılmasından deyil, həm də onların əmək bazarının tələblərinə uyğun, düzgün və şüurlu peşə seçimi etməsindən keçir. Çünki müasir əmək bazarında əsas üstünlük yalnız diplom sahibi olmaq deyil, seçdiyi sahədə peşəkarlaşmaqdır.
Aynurə İsmayıl
KONKRET.az
