Sosial media müasir dövrdə gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ünsiyyət, informasiya əldə etmək və özünü ifadə etmək baxımından mühüm imkanlar yaradan sosial şəbəkələrdən uzun müddət və nəzarətsiz istifadə isə bir sıra psixoloji və fiziki problemlərə səbəb ola bilər. Xüsusilə gənclərin özlərini başqaları ilə müqayisə etməsi, ekran qarşısında uzun müddət qalması və gec saatlarda telefondan istifadə etməsi stress, özünəinam, emosional vəziyyət və yuxu rejiminə mənfi təsir göstərə bilər.
Bəs sosial mediadan həddindən artıq istifadə gənclərin psixi sağlamlığında hansı fəsadlara səbəb olur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, sosial media artıq insanların həyat tərzinin ayrılmaz hissəsinə çevrilib.

“İnsanlar sanki sosial mediadan uzaqlaşa bilmirlər. Davamlı olaraq telefonlarını özləri ilə gəzdirirlər. Bu artıq asılılığın göstəricisidir. Sosial mediadan həddən artıq istifadə, tez-tez bildirişləri yoxlamaq və telefona daim nəzarət etmək asılılığın əlamətlərindən sayıla bilər. İnsan davamlı olaraq telefona baxmaq məcburiyyətində olduğunu düşünür.
Bundan əlavə, insan sosial mediada digər şəxslərin həyatını izləyir və öz həyatını onlarla müqayisə etməyə başlayır. Bu isə özgüvənin və özünəinamın azalmasına səbəb ola bilər. Sosial media və telefon müəyyən mənada insanın özünü inkişaf etdirməsinə və sosial əlaqələr qurmasına kömək etsə də, həddindən artıq istifadə zamanı bunun əksi baş verir. Belə istifadə psixoloji problemlərin yaranmasına və psixi sağlamlığın ciddi şəkildə zərər görməsinə səbəb ola bilər”, – deyə psixoloq vurğulayıb.
Gülnar Orucova qeyd edib ki, ekran qarşısında uzun müddət qalmaq yuxu rejiminə də mənfi təsir göstərir:
“Ekran vaxtının həddindən artıq artması yuxu pozuntularına gətirib çıxara bilər. Bununla yanaşı, aqressiya, gərginlik və əsəbilik müşahidə olunur. Uzun müddət telefondan istifadə fiziki sağlamlıqla bağlı problemlərə, o cümlədən onurğa və gözlərlə bağlı narahatlıqlara səbəb ola bilər.
Davamlı sosial media istifadəsi diqqət dağınıqlığına da gətirib çıxarır. İnsan avtomobil idarə edərkən telefondan istifadə edirsə, bu, artıq ciddi təhlükə yaradır. Tələbə və ya şagird dərs oxuyarkən daim telefona yönəlirsə, onun diqqəti yayınacaq və təlim prosesində məhsuldarlığı aşağı düşəcək”.
Psixoloq-loqoped Ləman Kazımova isə bildirib ki, sosial mediadan düzgün və məqsədli istifadə müəyyən faydalar verə bilər.

“Sosial media gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Düzgün və məqsədli istifadə zamanı ünsiyyət, məlumat əldə etmək və özünü ifadə etmək baxımından faydalı imkanlar yarada bilər. Lakin sosial mediadan uzun müddət və nəzarətsiz istifadə gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərir. Xüsusilə özünü başqaları ilə müqayisə etmək stressin artmasına, özünəinamın azalmasına və emosional gərginliyə səbəb ola bilər.
Buna görə əsas məqsəd sosial mediadan tamamilə uzaqlaşmaq deyil. Əsas məsələ istifadə müddətinə və izlənilən məzmunun xüsusiyyətlərinə diqqət yetirmək, sosial media ilə real həyat arasında sağlam balans yaratmaqdır”, – deyə Ləman Kazımova əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
