Azərbaycanda qadınların əmək bazarında iştirakı və məşğulluq imkanlarının genişləndirilməsi məsələsi son illərdə aktuallığını qoruyur. Qadınların məşğulluğunun artırılması ilə yanaşı, əmək hüquqlarının qorunması, iş və ailə həyatının uzlaşdırılması, karyera imkanlarının genişləndirilməsi və əmək şəraitinin yaxşılaşdırılması da əsas məsələlər sırasında yer alır.
Bəs Azərbaycanda qadınların əmək bazarındakı vəziyyəti nə dərəcədə qənaətbəxşdir və onlar üçün hansı əlavə imkanların yaradılmasına ehtiyac var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı hesab edir ki, Azərbaycanda problemin əsasını gender ayrı-seçkiliyindən daha çox işsizlik və əmək şəraitinin qənaətbəxş olmaması təşkil edir.

Onun sözlərinə görə, ölkədə nə qadınların, nə də kişilərin əmək bazarında bütün ehtiyaclarını qarşılayan normal iş şəraiti mövcuddur:
“Ümumiyyətlə, Azərbaycanda əmək bazarında nəinki qadınların, heç kişilərin də normal şəraiti və işi yoxdur. Əslində, iş məsələsini cinsiləşdirmək də düzgün deyil. Azərbaycanda həm qadınlar, həm də kişilər işsiz qalır, əmək hüquqlarının pozulması və haqsızlıqla üzləşirlər. Burada əsas problem gender ayrı-seçkiliyindən daha çox işsizlik və əməkçilərin normal şəraitlə təmin olunmamasıdır”.
Tural Abbaslı qeyd edib ki, əmək münasibətlərində iş və istirahət vaxtlarının düzgün tənzimlənməsi, əlavə iş saatlarına görə ödənişlərin verilməsi və digər məsələlərdə beynəlxalq standartlara uyğunluq təmin olunmalıdır.
“İnsanlar çox vaxt özlərini reallaşdıra bilmirlər. Bir çox hallarda həm qadın, həm də kişi uzun müddət təhsil alır, müəyyən ixtisas üzrə mütəxəssis olur, lakin sonradan həmin sahə üzrə iş tapa bilmir. Məcburən başqa sahədə işləyir. Bu isə həm insanın potensialının, həm də illərlə aldığı təhsilin tam şəkildə reallaşmasına imkan vermir”, – deyə o bildirib.
Partiya sədri karyera yüksəlişi məsələsində də problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda peşəkarlıq və bacarıqdan daha çox şəxsi əlaqələr ön plana keçir:
“Qohumluq əlaqəsi və ya arxasında duran himayəçi yoxdursa, insanın karyera yüksəlişi ləngiyir. Bu baxımdan, problemi yalnız xanımlarla əlaqələndirmək düzgün olmaz. Ümumilikdə əmək bazarında şəffaflıq və ədalətli rəqabət təmin edilməlidir”.
Tural Abbaslı qadınların əmək bazarında xüsusi vəziyyətinin də nəzərə alınmasının vacibliyini bildirib. Onun fikrincə, qadınlar həm əmək fəaliyyəti ilə məşğul olur, həm də ailə və övlad qayğısını daşıyırlar.
“Xanımlar üçün ayrıca iş yerlərinin yaradılmasını deməzdim. Lakin nəzərə almaq lazımdır ki, əməkçi xanımlar həm ana olur, həm də övlad saxlayıb tərbiyə edirlər və ailənin yükünün böyük hissəsini daşıyırlar. Bu baxımdan, Əmək Məcəlləsində qadınlar üçün müəyyən müsbət, yəni pozitiv ayrı-seçkilik mexanizmlərinin tətbiqi mümkündür. Təəssüf ki, bizdə bu məsələlər kifayət qədər nəzərə alınmır”, – deyə o vurğulayıb.
Partiya sədri qadınların pensiya yaşının kişilərlə bərabərləşdirilməsini də tənqid edib və bu istiqamətdə qanunvericilik səviyyəsində müəyyən təşəbbüslərin irəli sürülə biləcəyini söyləyib.
Onun sözlərinə görə, bu məsələdə parlament və aidiyyəti dövlət qurumları daha fəal mövqe nümayiş etdirməlidir:
“Qanunvericilik orqanı olan parlament bu məsələdə təşəbbüslə çıxış edə bilər. Təəssüf ki, Azərbaycanda bir sıra dövlət strukturları funksional fəaliyyət göstərmir, öz üzərinə düşən funksiyaları tam icra edə bilmir. Bunun nəticəsində də belə problemlər ortaya çıxır”.
Beləliklə, ekspertin fikrincə, qadınların əmək bazarındakı vəziyyətinin yaxşılaşdırılması üçün yalnız yeni iş yerlərinin yaradılması kifayət deyil. Əmək hüquqlarının qorunması, şəffaf və ədalətli işə qəbul mexanizmlərinin formalaşdırılması, karyera yüksəlişində bərabər imkanların yaradılması, iş və ailə həyatının uzlaşdırılmasına şərait yaradılması, eləcə də ailə məsuliyyəti daşıyan qadınlar üçün əlavə sosial təminatların gücləndirilməsi də vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
