Azərbaycanda çörəyin qiyməti təxminən 5 qəpik ucuzlaşıb. Bu ucuzlaşma istehlakçıları sevindirsə də, qiymətin daha çox aşağı salınmasını arzu edənlərin sayı çoxdur. Bəs görəsən çörəyin qiymətinin ucuzlaşması hansı amillərlə bağlıdır? Ümumiyyətlə, 5 qəpiklik ucuzlaşma adekvatdır, yoxsa qiymət daha çox aşağı düşməlidir?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, çörəyin qiymətinin 5 qəpik aşağı düşməsinin əsas səbəbi taxıl və buğda məhsullarının dünya bazarında ucuzlaşmasıdır.: “Bu ucuzlaşma artıq keçən ilin iyul ayından stabil şəkildə müşahidə olunur. Ən yüksək qiymətlər ötən ilin ortalarında idi. Xüsusən də, Ukrayna taxılının dünya bazarına çıxarılmaması qorxusu fonunda Rusiyanın taxıl ixracına rüsum tətbiq etməsi qiymətləri sürətlə artırdı. İyul ayında açılan “taxıl koridoru”ndan sonra isə qiymətlər hər ay bir neçə faiz enməyə başladı. Ümumdünya Ərzaq Təşkilatının elan etdiyi aylıq qiymət statistikasına görə, buğdanın qiyməti 6 faizdən çox ucuzlaşıb. Taxılın ucuzlaşması isə çörək qiymətlərinə təsir etməlidir. Təbii ki, çörək istehsalında xərclər təkcə taxılla əlaqədar deyil. Eyni zamanda inzibati, amartizasiya və qeyri-material xərcləri də mövcuddur. Amartizasiya xərclərini çıxmaq şərtilə digər xərclərdə də artım müşahidə olunub. Yəni inflyasiya buna da təsir göstərib”.
Ekspertin sözlərinə görə, taxıl qimətlərində 30 faiz ucuzlaşma müşahidə olunubsa, çörəyin dəyərinin də eyni miqdarda aşağı düşəcəyini gözləmək doğru deyil: “Əslində çörək qiymətlərini Tarif Şurası tənzimləmir. Amma ölkəyə unu iri oyunçular gətirdiyinə görə, onlar dövlətin nəzarətindədir. Çörək istehsalçıları isə bu nəzarətdən kənardadırlar və bazarda qiymət xərclərə uyğun tənzimlənir. Təbii ki, çörək strateji məhsul olduğundan dövlət bunu qanunvericilikdə olmasa da, qeyri-rəsmi surətdə nəzarətdə saxlayır. Taxılın və unun qiyməti düşür, çörəyin də dəyəri ucuzlaşır. Amma biz unun qiyməti ucuzlaşdığı qədər çörəyin də dəyərinin aşağı salınmasını tələb edə bilmərik. Çünki çörək istehsalçılarının xərci təkcə unla bağlı deyil. Digər tərəfdən son 2-3 ildə çörək istehsalçılarının digər xərcləri də artdığından eyni proporsional azalmadan söhbət gedə bilməz. Çörək istehsalçıları öz xərcləri barədə hesabat vermədiklərindən bu azalmanın adekvat olub-olmadığını söyləmək çətindir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
