Azərbaycanda uşaq pulunun yenidən bərpa olunması son illərdə ictimai müzakirələrin ən çox diqqət çəkən mövzularından birinə çevrilib. Artan yaşayış xərcləri, doğum səviyyəsində müşahidə olunan azalma və ailələrin sosial rifahının gücləndirilməsi ilə bağlı çağırışlar bu məsələni yenidən gündəmə gətirib.
Bəs mövcud şəraitdə uşaq pulunun bərpası nə dərəcədə real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, uşaq pulunun bərpası illərdir müzakirə olunsa da, bu istiqamətdə indiyədək real addım atılmayıb.

Onun sözlərinə görə, Azərbaycanda bu təşəbbüsə qarşı çıxan müəyyən yanaşmalar mövcuddur ki, bu da məsələnin həllini çətinləşdirir:
“Təəssüf ki, uşaq pulu məsələsi uzun illərdir gündəmdə olsa da, hələ də öz həllini tapmayıb. Bu istiqamətdə müxtəlif tanınmış şəxslər dəfələrlə çağırışlar etsələr də, nəticə əldə olunmayıb. Hesab edirəm ki, dövlət büdcəsinin imkanları uşaq pulunun verilməsi üçün kifayətdir”.
Cavanşir Abbaslı hesab edir ki, uşaq pulunun verilməməsi doğum göstəricilərinə də mənfi təsir göstərən amillərdən biridir və bu tendensiya gələcəkdə daha ciddi sosial-demoqrafik problemlərə səbəb ola bilər.
“Uşaq pulunun verilməməsi əhali artımına mənfi təsir göstərən amillərdən biridir. Bu problem zaman keçdikcə daha da dərinləşəcək və gələcəkdə dövlət üçün arzuolunmaz nəticələr doğura bilər”.
Bununla yanaşı, siyasi şərhçi yaxın perspektivdə uşaq pulunun yenidən tətbiq ediləcəyinə nikbin yanaşmadığını da bildirib:
“Yaxın gələcəkdə uşaq pulunun yenidən tətbiq ediləcəyini düşünmürəm. Halbuki qonşu ölkələrin əksəriyyətində bu mexanizm mövcuddur. Hesab edirəm ki, onların təcrübəsindən nəticə çıxarmaq lazımdır”.
Qeyd edək ki, uşaq pulunun bərpası məsələsi vaxtaşırı ictimai müzakirələrə çıxarılsa da, bununla bağlı hələlik rəsmi qərar qəbul edilməyib.
Aynurə İsmayıl
KONKRET.az
