“Ermənistan-Rusiya münasibətləri, yumşaq desək, çətin dövrdən keçir. Və belə görünür ki, tərəflər vəziyyəti düzəltmək və onları strateji müttəfiqliyin əsas axınına qaytarmaqda xüsusi həvəsli deyillər”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın İslahatçılar Partiyasının sədri Vahan Babayan deyib.
Babayan bildirib ki, Ermənistan-Rusiya münasibətləri sürətlə uçuruma gedir: “Vəziyyət asan deyil, kağız üzərində biz hələ də müttəfiqik, amma reallıqda hər şey əks istiqamətdə gedir. Yeni vəziyyət yaranıb və bunu nəzərə almalıyıq. Ermənistan-Rusiya münasibətlərinin 30 il ərzində mövcud olan arxitekturası artıq yoxdur.
Vektorun bu qədər asanlıqla dəyişməyinə inanmıram. Amma belə davam edərsə, təbii ki, aramızda soyuq münasibətlər yaranacaq ki, onu bərpa etmək çox da asan olmayacaq. Bütün bu hadisələrə səbəb, əlbəttə ki, Qarabağdakı faciəvi hadisələrdir. Məhz ondan sonra iki ölkə arasında münasibətlər tamamilə korlanıb”.
Daha sonra Avrasiya İqdisadi Birliyinin baş nazirlərinin Bişkekdə keçiriləcək görüşündə Paşinyanın iştirak etməməsinə toxunan partiya sədri bunu Rusiya amili ilə izah edib: “Paşinyanın niyə getmədiyini şərh etməyəcəyəm, amma bu, şübhəsiz ki, Rusiya ilə münasibətlərlə bağlıdır. Rusiya Ermənistanı artıq “cəzalandırmağa” başlayıb. Dövlət Duması erməni sürücülük vəsiqələri məsələsinin müzakirəsini yarımçıq qoyub. ORT-də qalmaqallı veriliş yayımlanıb, ardınca Rusiyanın Ermənistandakı səfiri XİN-ə çağırılıb. Ermənistan və Rusiyanın hələ də strateji müttəfiq olduqlarını nəzərə alsaq, bu, kifayət qədər ciddi məsələdir. Geosiyasi hadisələrin dərinliyində bizim bilmədiyimiz gizli hadisələr də var, ona görə də real qiymət vermək çətindir. Hazırkı vəziyyətdən çıxmaq üçün Rusiya ilə dil tapa bilən, neqativ prosesi dayandıran şəxsə xüsusi səfir və ya danışıqlar aparan səlahiyyətlər verilməlidir. Əks halda Rusiya Ermənistanı dalana dirəyəcək”.
Vəli Həsənov
KONKRET.az
