Azərbaycanın tanınmış hüquq müdafiəçiləri – Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı separatçı Ruben Vardanyanın Vatslav Havel İnsan Hüquqları Mükafatına namizəd göstərilməsi ilə bağlı beynəlxalq təşkilatlara rəsmi etiraz müraciəti ünvanlayıblar.
KONKRET.az xəbər verir ki, müraciətdə Vatslav Havel adının dünya ictimaiyyətində azadlıq, insan ləyaqəti, demokratiya və humanizm prinsiplərinin simvolu kimi qəbul edildiyi vurğulanır. Bildirilir ki, bu səbəbdən həmin mükafata təqdim olunan şəxslər yalnız şəxsi imic və siyasi təqdimatlar əsasında deyil, onların iştirak etdiyi proseslərin yaratdığı hüquqi, humanitar və təhlükəsizlik nəticələri baxımından da qiymətləndirilməlidir.
Hüquq müdafiəçiləri qeyd ediblər ki, Ruben Vardanyanın adı uzun illər regionda separatizm, qeyri-qanuni silahlı fəaliyyətlər, terror təhlükəsi və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində qanunsuz strukturların maliyyə-siyasi dəstəklənməsi ilə bağlı müzakirələrdə hallanıb.
Onların fikrincə, belə bir şəxsin insan hüquqları sahəsində nüfuzlu beynəlxalq mükafata namizəd göstərilməsi müharibə və terrorun qurbanı olmuş insanların hüquq və ədalət hissinə ağır zərbə vurur.
Müraciətdə xüsusi olaraq vurğulanır ki, terrorizm və separatizm nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin düşüb, fundamental insan hüquqları kobud şəkildə pozulub.
Sənəddə bildirilir ki, terror və qanunsuz separatizmlə assosiasiya olunan şəxslərin “humanizm” və “insan hüquqları müdafiəçisi” kimi təqdim edilməsi beynəlxalq hüququn mahiyyətinə və qlobal ədalət prinsiplərinə ziddir.
Hüquq müdafiəçiləri beynəlxalq təşkilatları regionda baş vermiş humanitar faciələrə həssas yanaşmağa, terror və separatizmdən zərər çəkmiş insanların səsini eşitməyə və bu kimi məsələlərdə ikili standartlardan uzaq durmağa çağırıblar.
Müraciətdə həmçinin qeyd olunur ki, insan hüquqları anlayışı siyasi manipulyasiya predmetinə çevrilməməli, əksinə terror, zorakılıq və separatizmdən əziyyət çəkmiş insanların hüquqlarının müdafiəsinə xidmət etməlidir.
Sonda isə Vatslav Havel İnsan Hüquqları Mükafatının nüfuzunun və mənəvi dəyərlərinin qorunması naminə Ruben Vardanyanın namizədliyinə obyektiv və şəffaf şəkildə baxılması çağırışı edilib.//Musavat.com
