Əbdüləziz Abdurahmonzoda iddia edir ki, antikorrupsiya işçiləri həbs olunarkən onun dişini vurub çıxarıblar.
Vəkil Əbdüləziz Abdurahmonzoda cərimələnib və vəkillik fəaliyyəti göstərmək hüququndan ömürlük məhrum edilib. Bu barədə KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna açıqlamasında Tacikistan Hüquqşünaslar Birliyinin sədri Səidbəy Nuritdinov bildirib: “Paytaxtın Sino rayon məhkəməsi, gənc vəkil Əbdüləziz Abdurahmonzodanın işi üzrə hökm verdi. Tacikistan Respublikası Cinayət Məcəlləsinin 247-ci bəndinin 2-ci hissəsi (dələduzluq) ilə günahkar bilinərək 20 min somoni (2 min dollar) məbləğində cərimə ödəməyə məhkum edilib”.
Nuritdinovun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin hökmündən şəhər məhkəməsinə kassasiya şikayəti verib: “Rayon məhkəməsinin hökmü dəyişməsə də, amnistiya aktına düşdüyü üçün yenə də cərimədən azad ediləcək. Ancaq günahsızlığımızı sübut etməsək, vəkillik etmək hüququndan ömürlük məhrum olacaq”.
Ölkənin Hüquqşünaslar Birliyinin rəhbəri qeyd edib ki, 2015-ci ilin noyabrında vəkillik haqqında qanuna dəyişiklik edildi və yeni qanuna görə cinayət işi olan vəkillər lisenziyasından ömürlük məhrum edilir: “Bu qanun normasının ayrı-seçkiliyidir və beynəlxalq qanunlara uyğun deyil. Biz BMT Komitəsinə müvafiq şikayət yazdıq, amma bu günə qədər heç bir nəticə yoxdur”.
Avqustun əvvəlində Əbdüləziz Abdurahmonzoda, ona qarşı işgəncə və pis rəftar tətbiq edilməsi ilə əlaqədar Tacikistandakı İşgəncələr və Cəzasızlıq Koalisiyasının üzvü olan bir təşkilata hüquqi yardım üçün müraciət etmişdi. O, Tacikistan Respublikası Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən Varzob məhkəməsinin əməkdaşı Şahzod Nuralizodaya sonradan verilməsi üçün 500 ABŞ dolları almaq şübhəsi ilə tutulduğunu söyləmişdi. Abduraxmonzodanın dediyinə görə, əməkdaşlar birbaşa hüquq idarəsində onu etiraf bəyanatı yazmağa məcbur edərək dişini sındırmış və vəhşicəsinə döymüşdülər.

Oktyabrın əvvəlində Tacikistan Baş Prokurorluğu ölkənin Hüquqşünaslar Birliyinin başçısı tərəfindən müraciət edilən Əbdüləziz Abdurahmonzodanın ifadəsində göstərilən işgəncə faktları ilə əlaqədar cinayət işinin açılmasından imtina edib. “Məhkəmə prosesində hakim işgəncə faktının yoxlanılmasını əmr etdi. Prokurorluq açıq sübutların olmasına baxmayaraq, işgəncə faktlarını təsdiq etmədi”, – deyə Nuritdinov yekun vurub.
