Veteranlara müjdə – İllər əvvəlki pullar geri qayıda bilərbackend

Veteranlara müjdə – İllər əvvəlki pullar geri qayıda bilər

Müharibə veteranlarının əməkhaqqından əvvəlki illərdə tutulan gəlir vergisinin geri qaytarılması mümkündür. Bunun üçün veteran statusunu təsdiq edən sənədin əsas iş yerinə təqdim edilməsi tələb olunur.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müharibə veteranlarının gəlir vergisi güzəştlərindən istifadə qaydasına aydınlıq gətirib.

Bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin muzdlu işdən əldə etdikləri vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılır.

Qurumun açıqlamasına görə, güzəştdən yararlanmaq üçün müharibə veteranı adını təsdiq edən müvafiq sənəd əsas iş yerinə təqdim edilməlidir. Sənədin nə vaxt təqdim edilməsindən asılı olmayaraq, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq olunur.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, şəxs müharibə veteranı statusunu əmək müqaviləsi qüvvəyə mindikdən sonra əldə etsə və ya bunu təsdiq edən sənədi sonradan təqdim etsə belə, vergi güzəşti statusun qüvvəyə mindiyi tarixdən hesablanır.

Bu o deməkdir ki, veteran statusu 2022-ci il yanvarın 1-dən qüvvədə olan şəxslər həmin tarixdən etibarən müvafiq vergi güzəştindən yararlana bilərlər. Əvvəlki dövrdə artıq tutulmuş vergilərin yenidən hesablanması məsələsi ilə bağlı isə iş yerinin mühasibatlıq şöbəsinə müraciət etmək tövsiyə olunur.

Dövlət Vergi Xidməti onu da vurğulayıb ki, müharibə veteranlarına əməkhaqqı üzrə gəlir vergisi güzəşti tətbiq edilsə də, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından azadolma nəzərdə tutulmayıb.

Qeyd edək ki, güzəşt hüququnun müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*