Nailə Rüstəmli artıq 10 ilə yaxındır ki, bu işlə məşğuldur. O, öz təşəbbüsü ilə rayonun Yergüc kəndi ərazisində icarəyə bir yer alaraq sahibsiz küçə itlərini oraya toplayıb. Çox insan onu bu əməlinə görə qınasa da, o, heç vaxt işindən əl çəkməyib.

KONKRET.az-ın şimal bölgə müxbirinin bildirdiyinə görə, hazırda onun düşərgəsində 100-dən çox it var. Onların hamısı küçələrdən toplanmış sahibsiz küçə itləridir. İtlərə bütün xəstəliklərə qarşı peyvəndlər də vurulub.

Bu qədər heyvanın qidalandırılması isə Nailə Rüstəmli üçün ən böyük problemlərdən biridir. Ona bu işdə bir neçə heyvansevər insan könüllü olaraq yardım edir. Amma bu yardım bəzən kifayət etmir.

Müraciət etdikləri dövlət qurumları isə heç vaxt bu işdə onlara yardım etməyib. Ən başlıca səbəbləri və bəhanələri isə heç bir büdcə təşkilatında bunun üçün vəsait nəzərdə tutulmaması ilə bağlı olur.

Bu gün demək olar ki, ölkənin bütün şəhər və qəsəbələrində ciddi problemə çevrilən küçə itlərini əksər hallarda öldürməklə həll etməyə çalışırlar. Halbuki, cüzi vəsait ayırıb sərf etməklə onları öldürmək əvəzinə belə düşərgələr yaradıb küçələrdən toplamaq mümkündür.

Sonda qeyd edək ki, hər il Azərbaycanda yüzlərlə insan sahibsiz küçə itlərinin hücumuna məruz qalır.
